Azərbaycanın Litvadakı səfiri etimadnaməsini XİN-nə təqdim edib
Bu gün Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə etimadnamələrini bu ölkənin Xarici İşlər Nazirliyinə təqdim edib. Azərbaycanın Litvadakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmçinin H.Məmmədzadənin Litvanın ətraf mühitin mühafizəsi naziri Gediminas Kazlauskasla görüşü də baş tutub.
G.Kazlauskas Həsən Məmmədzadəni təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir Azərbaycanda ekologiya və ətraf mühitin qorunması məsələlərinə xüsusi önəm verildiyini, prezident İlham Əliyevin Sərəncamı ilə 2010-cu ilin "Ekologiya ili" elan olunmasını və bununla əlaqədar ölkəmizdə silsilə tədbirlərin keçirildiyini qeyd edib.
Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə IDEA (İnternational Dialogue on Environmental Action) - Ətraf mühitin qorunması kampaniyası çərçivəsində 2011-ci ilin noyabrında Qəbələdə təşkil olunan beynəlxalq konfransdan söhbət açılıb. BMT-nin dəstəyi ilə keçirilən bu konfransda 30-dan çox ölkədən gənc mütəxəssislərin iştirak etdiyini vurğulayan H.Məmmədzadə ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən litvalı gənclərin də oxşar tədbirlərdə iştirakını arzulayıb.
Kazlauskasın sözlərinə görə, tullantıların işlənməsi sahəsində Litvada təcrübəli mütəxəssislər var və onlar bir sıra ölkələrdə uğurlu fəaliyyət göstərirlər. "Onlar bu sahədə Azərbaycanla da əməkdaşlıq etməkdə maraqlıdırlar" – deyə, Gediminas Kazlauskas bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB