Davos Forumu: Azərbaycan və Ermənistanın gözü ilə...

Davos Forumu: Azərbaycan və Ermənistanın gözü ilə...

İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumu işə başlayıb. "Böyük transformasiya: yeni modellərin formalaşması" devizi altında keçiriləcək görüşün əsas mövzusu uzun müddət davam edən iqtisadi böhran şəraitində yeni iqtisadi modellərin axtarışı olacaq. Yanvarın 29-dək davam edəcək forum 4 altmövzu üzrə keçiriləcək: artım və məşğulluq modelləri, liderlik və innovasiya modelləri, sabitlik və ehtiyatlar modelləri, sosial və texnoloji modellər. İqtisadi böhran şəraitində risklərin azaldılması və idarə olunması müzakirə ediləcək, "Qlobal risklər 2012" məruzəsi, dünyanı narahat edən məsələlər, vəziyyətdən çıxış yolları burada müzakirə olunur. Eləcə də, iştirakçı ölkələrə daha çox investisiya cəlb etmək üçün Davos yaxşı imkan kimi qiymətləndirilir.

Bütün sahələr üzrə dinamik inkişaf yoluna qədəm qoyan Azərbaycan həm də dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və regionda əsas söz sahibi olan ölkədir. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin hər il keçirilən Davos İqtisadi Forumunda iştirakı dünyanın siyasi elitasının, nəhəng biznes strukturlarının və nüfuzlu KİV-lərin diqqət mərkəzində olur. Bu isə ondan xəbər verir ki, Avropa siyasətçiləri, dövlət rəhbərləri, iqtisadçılar bir çox məsələlər barədə Azərbaycanın mövqeyini öyrənməyə ehtiyac duyurlar. Ən əsası beynəlxalq iqtisadi əməkdaşlıqda və yanacaq-enerji resurslarının dünya iqtisadi bölgüsündə Azərbaycanın mühüm əhəmiyyətini nəzərə alaraq vacib qərarların qəbul olunmasında ölkəmizlə razılaşdıqlarını göstərirlər. Budəfəki forumun gedişi də təsdiqləyir ki, respublikamızın dünyada artan nüfuzu və etibarlı tərəfdaş olması iqtisadi güclər, böyük şirkətlər tərəfindən qəbul olunur və dövlət başçısının ümumdünya miqyaslı müzakirələrdə fikirləri, təklifləri müstəsna əhəmiyyəti ilə fərqlənir. Dünyanın aparıcı şirkətlərinin rəhbərlərinin Azərbaycanın dövlət başçısı ilə görüşlər keçirməsi və ikitərəfli əməkdaşlıq barəsində müzakirələr aparması bir daha təsdiqlədi ki, ölkəmiz artıq aparıcı dövlətlər sırasına qoşulur.

Davos İqtisadi Forumu Azərbaycan üçün iqtisadi cəhətdən əhəmiyyətli olduğu kimi, siyasi sahədə də böyük məna daşıyır. Çünki dövlətimizin başçısı keçirdiyi görüşlərdə, həmçinin tədbirlərdəki çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də önə çəkir. Çünki torpaqlarımızın 20 faizinin işğal altında olması iqtisadiyyatın sürətli inkişafına və iri infrastruktur layihələrin reallaşdırılmasına öz mənfi təsirini göstərir.

Ermənistan isə mötəbər tədbirdə iştirak etməkdən imtina edib. İrəvanın iştirakdan imtina etməyinə Ermənistanın maliyyə naziri Tiqran Davityan münasibət bildirib. O, Davos forumunun ölkəsi üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirib. Elə bil bu ölkənin heç bir problemi yoxdur və xarici investisiyaya ehtiyacları qalmayıb. Təbii ki, deyilənlər cəfəngiyatdan başqa bir şey deyil. Xaricdən gələn nəzirlər hesabına yaşayan bir dövlətin bu tipli bəyanatları sadəcə gülünc doğurur.

Erməni mətbuatı da bütün bunların bəhanə olduğunu etiraf edir. Hazırda Ermənistanın daxilində ciddi problemlər mövcuddur və elit təbəqə faktiki olaraq bunu həll etmək iqtidarında deyil. Amma İrəvanın Davos forumuna qatılmamasının səbəbi yaınız bu deyil. Bu sözlər isə Ermənistan KİV-də yer alıb: "İndiyə qədər hökumət bir neçə dəfə burada iştirak edib. Amma hər dəfə geriyə nəticə əldə etmədən qayıdıb. Bu isə onlara qarşı tənqidi fikirlərin artması ilə müşahidə olunur. Əgər hakimiyyət yaranmış vəziyyətdən istifadə edib, xarici investorları Ermənistana cəlb edə bilmirsə, təbii ki, onları səriştəsizlikdə ittiham etməlidirlər. Bu səbəbdən də, guya Davosa qatılmağa ehtiyac olmadığını səsləndirməklə vəziyyətdən çıxmağa çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə