Respublika Hərbi Prokurorluğu tərəfindən korrupsiya ilə bağlı 84 fakt üzrə cinayət işi başlayıb

Respublika Hərbi Prokurorluğu tərəfindən korrupsiya ilə bağlı 84 fakt üzrə cinayət işi başlayıb

Respublika Hərbi Prokurorluğunda Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə ötən ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, kollegiya iclasında Baş prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev hesabat məruzəsi ilə çıxış edib. O, qeyd edib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində işlərin səmərəliliyi daha da artırılıb, bütövlükdə ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayətlər açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, digər təsirli tədbirlər görülüb. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb.

Hərbi prokuror bildirib ki, 2010-cu ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 6,7 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 7,1 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 11,8 faiz, tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 4,5 faiz, fərarilik cinayətləri 25,9 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 31,6 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 23,1 faiz, qeyri-hərbi cinayətlər 5 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 16,2 faiz, xuliqanlıq cinayətləri 66,7 faiz, silahlı birləşmələrdə ölüm halları 11,3 faiz, o cümlədən özünü öldürmə həddinə çatdırma cinayətləri 76,9 faiz azalıb. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusi ilə ağır cinayətlərin açılması təmin olunub. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranması, habelə birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.

Bununla yanaşı, ötən il bir neçə növ üzrə cinayətlərin sayı artıb. Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə bu növ cinayətlərin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həmin növ cinayətlər üzrə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib. Bu cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Silahlı Qüvvələrdə törədilən cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilmiş və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Kollegiyada xüsusi vurğulanıb ki, 2011-ci ildə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi sahəsində müəyyən müsbət işlər görülüb, hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Axtarışda olan 71 nəfər tapılıb istintaqa cəlb edilib.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 129 yoxlama keçirilib, nəticədə 1936 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 281 təqdimat göndərilib, 131 nəfərə xəbərdarlıq edilib, 63 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 123 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 26 qanunsuz qərarı ləğv edilib.

Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciəsi, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı danışaraq həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirildiyini qeyd edib.


Xanlar Vəliyev bildirib ki, Respublika Hərbi Prokurorluğu tərəfindən korrupsiya ilə bağlı 84 fakt üzrə cinayət işi başlayıb.O, qeyd edib ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, korrupsiya ilə mübarizəni inzibati və inandırma metodlarının vəhdəti üzərində quran Hərbi Prokurorluq orqanları fəaliyyətini daha da təkmilləşdirməklə bu işi öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib. Ötən il Respublika Hərbi Prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 84 fakt üzrə cinayət işi başlayıb. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı respublikanın bir neçə rayon hərbi komissarları barəsində CM-nin 311.1-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı), 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanıb. Həmin cinayət işlərindən Bakı şəhər Suraxanı, Xətai rayon hərbi komissarlıqları, həmçinin Cəlilabad və Ağdam rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində aparılan cinayət işləri üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, Binəqədi rayon, Sumqayıt şəhər və Gəncə şəhər Nizami rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində başlanmış cinayət işləri üzrə istintaq isə yekunlaşma mərhələsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə