Mübariz Əhmədoğlu: \"İran zəiflədikcə Ermənistan Dağlıq Qarabağla bağlı mövqeyindən geri çəkilməyə məcbur olur\"

Mübariz Əhmədoğlu: \"İran zəiflədikcə Ermənistan Dağlıq Qarabağla bağlı mövqeyindən geri çəkilməyə məcbur olur\"

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda növbəti mətbuat konfransını keçirib. SİA-nın məlumatına görə, bugünkü konfransın əsas mövzusu Soçi görüşündə qəbul edilən qərarların həyata keçirilməsində atılacaq addımlar olub.

Onun sözlərinə görə, ermənilərin bu görüşdə açıq şəkildə fikirlərinin iflasa uğradığı görünürdü: "Son 3 ildə snayperlərin geri çəkilməsi məsələsi sənədlərdə qeyd olunurdu, ancaq bu ilki sənədlərdə bu haqda heç bir məlumat yoxdur: \"Soçidə imzalanmış yekun bəyanatı xarakterizə edən cəhətlərdən biri də ənənəvi istinad subyektlərinə və ya sənədlərə istinad edilməməsidir. İstinad sənədi kimi 2008-ci il noyabrın 2-də Mayendorf bəyannaməsi götürülüb. Buna RF-nin subyektiv və qətiyyətli yanaşmasının nişanəsi kimi baxmaq olar. ATƏT-in Minsk Qrupu həmsədrlərinin ən azı son on illik fəaliyyətinin üstündən xətt çəkilə bilinər\".

Əhmədoğlu həmçinin bildirib ki, Ermənistan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünə qətiyyən razı deyildi .\"İndi bəlli olur ki, Ermənistan özü belə görüşü xahiş edib. Ermənistan, Azərbaycan və Dağlıq Qarabağın ziyalılarının, elm adamlarının və ictimaiyyətin nümayəndələrinin dialoquna dair məsələ Soçi bəyannaməsində və eləcə də əvvəlcədən yayılan sənədlərdə öz əksini tapıb. Əgər ermənilər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünə, dialoqunun qurulmasına razılıq verəcəklərsə, deməli, onlar münaqişəni dinc yolla tənzimləməyə hazırdırlar. Bunun üçün cəmi bir neçə gün və ya 1-2 həftə vaxt lazımdır. Ermənistan tərəfi razılıq verməyəcəksə, Ermənistanın pis niyyəti bütün dünyaya bəlli olacaq\", - deyə o əlavə edib.

Politoloq onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın mövqeyindəki ciddi dəyişikliklərin İran ətrafındakı qalmaqalla eyni vaxta düşməsi təsadüfi deyil: "İran zəiflədikcə, Ermənistan Dağlıq Qarabağla bağlı mövqeyindən geri çəkilməyə məcbur olur. Azərbaycan ictimaiyyətinin son illər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsində kimləri günahlandırmasından asılı olmayaraq, ən azı son iki ildə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində Ermənistanın inkar mövqeyinin mənbəyi və dayağı İran İslam Respublikası olub. İran indi də həmin mövqeyindədir, sadəcə, zəiflədiyi üçün onun mövqeyi Ermənistanda inam yaratmır".

\"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistan vaxtilə ABŞ, Rusiya və Fransaya həm ayrı-ayrılıqda, həm də birlikdə arxalanırdı. İndi Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan bu üç dövlətə arxalana, İran isə Ermənistana dayaq ola bilmir\", - Əhmədoğlu qeyd edib.

Sonda politoloq onu da vurğulayıb ki, ermənilərə tək kömək olacaq şey onların ağıllanmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə