Qüdrət Həsənquliyev: “Fransa vasitəçi kimi ona verilən mandat üzərindəki hüquqi və mənəvi haqqını itirib” - AÇIQLAMA

Qüdrət Həsənquliyev: “Fransa vasitəçi kimi ona verilən mandat üzərindəki hüquqi və mənəvi haqqını itirib” - AÇIQLAMA

"Fransa Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi Qafqazda düşmənçiliyin və qarşıdurmanın gücləndirilməsinə xidmət edir". SİA-nın xəbərinə görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri bildirib ki, Azərbaycan və Türkiyənin kəskin etirazlarına baxmayaraq, belə bir qanunun qəbul edilməsi onu göstərir ki, Rusiya və İrandan sonra daha bir dövlət öz maraqları naminə Ermənistandan alət kimi istifadə etmək niyyətindədir: "Bu qanunun qəbul edilməsi ilə Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki vasitəçilik missiyasını başa vurub. Fransa vasitəçi kimi ona verilən mandat üzərindəki hüquqi və mənəvi haqqını itirib. Buna görə də Azərbaycan dərhal Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması üçün müvafiq qərarlar qəbul etməli, Fransa ilə bütün istiqamətlərdə əlaqələrinə yenidən baxmalıdır. Azərbaycan eyni zamanda BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransa Senatının qəbul etdiyi qanunun insan hüquq və azadlıqlarının təməl prinsiplərinə, düşüncə və söz azadlığına zidd olduğunu əsas götürərək, beynəlxalq birliyi bu qanunun ləğvi üçün hərəkətə keçməyə çağırmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə