Azay Quliyev: “Bu qanunun qəbulu Fransa tarixi üçün qara bir ləkədir\"
\"Fransa Senatında uydurma "erməni soyqırım"ını inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbulu Fransa tarixi üçün bir qara ləkədir\". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev mətbuata açıqlamasında deyib. Onun fikrincə, prezident Nikolya Sarkozi 1789-cu ildən bəri Fransada hökm sürən söz və fikir azadlığını, demokratik dəyərləri öz siyasi ambisiyasına qurban verib: "Bunun başqa adı yoxdur. Çünki Fransa ictimaiyyətinin də böyük hissəsi, ayrı-ayrı, qeyri-hökumət təşkilatları Senatın Konstitusiya komissiyası və digər çoxluq bunun əleyhinə olsa da, Sarkozinin partiyası senatda bu qanunun qəbul edilməsinə nail oldu. Mən bir daha deyirəm, bu addım bütövlükdə Avropanın insan hüquqları dəyərlərinə tamamilə ziddir".
Bundan sonra atılacaq addımlara gəldikdə, millət vəkilinin fikrincə, iki yol var: "Əvvəla, fransız senatorlar bu qanundan Konstitusiya Məhkəməsinə şikayət edəcəklər. Konstitusiya Məhkəməsində qanunun Fransa Konstitusiyasına uyğun olub-olmamasını araşdıracaqlar. Mən ümid edirəm ki, qanunun qüvvəyə minməməsi üçün şans var. Əgər bu da alınmasa, ikinci yol qalır. Bu da Avropa İnsan Haqları Məhkəməsidir. Ümid edirəm ki, Avropa İnsan Haqları Məhkəməsi qanunun hüquq əleyhinə olan nəticələrinin aradan qalxmasında öz sözünü deyəcək. Çünki Avropa Birliyinin bununla bağlı mövqeyi var və onlar hesab etmirlər ki, hər hansı bir vətəndaş şahidi olmadığı və əmin olmadığı hər hansı bir faktı qəbul etmədiyinə görə bir il həbs cəzasına və ya 45 min avro məbləğində cəriməyə məhkum edilsin, bu isə yolverilməzdir. Buna görə birinci bu müstəvidə proseslərin sonrakı ssenarisini götür-qoy etməliyik. Amma digər müstəvilər də var. İlk növbədə mən düşünürəm ki, beynəlxalq təşkilatlar, Avropa Şurası və ATƏT kifayət qədər kəskin mövqe bildirməlidir. Bu qanunun beynəlxalq hüquq qanunlarına tamamilə zidd olduğunu ifadə etməlidirlər".
Azay Quliyevin sözlərinə görə, Azərbaycan da bu istiqamətdə konkret fəaliyyətini koordinasiya etməlidir: "Azərbaycan nümayəndə heyəti olaraq ATƏT PA-nın gələn ay keçiriləcək qış sessiyasında biz bu məsələni qaldıracağıq. ATƏT-in insan haqları məsələləri üzrə komissarı da bu məsələyə münasibət bildirməlidir. Dediyim kimi, ümumi dəyərlərdən çıxış edərək cavab verilməlidir. Bir sözlə, Avropa Parlamenti, ATƏT PA və AŞPA-da etiraz tədbirləri təşkil edilməlidir. Bundan başqa, daha təsirli vasitələrdən biri də vətəndaş cəmiyyəti institutlarının bir araya gəlməsidir. Mən fürsətdən istifadə edib, qeyri-hökumət təşkilatlarına müraciət edirəm ki, onlar bu məsələ ilə bağlı həmrəylik nümayiş etdirsinlər, səfərbər olsunlar. Eyni zamanda Türkiyə və Fransanın da hüquq müdafiə təşkilatlarının birgə fəaliyyətinin də səmərəli olacağını düşünürəm. Artıq sabah, yəni yanvarın 25-də Şuranın qeyri-hökumət təşkilatları ilə keçirəcəyi toplantıda etiraz bəyanatının qəbuluna hazırlaşırıq".
Millət vəkili düşünür ki, bu həm də Fransanın həmsədr ölkə olaraq ATƏT-in Minsk qrupundakı statusuna və fəaliyyətinə çox ciddi bir zərbə vurdu: "Artıq Fransa heç bir halda deyə bilməz ki, mən neytral vasitəçiyəm, qərəzsiz və obyektivəm. Buna onsuz da əvvəllər də ciddi şübhə var idi, amma bu qanun bir daha Fransanın haqqın-ədalətin yox haqsızın, ədalətsizin yanında olduğunu göstərdi. Bu da Fransanın həmsədr ölkə kimi vasitəçilik missiyasını davam etdirməyi mümkünsüz edəcək. Ən azı, Fransanın buna mənəvi haqqı qalmadı". A.Quliyev deyib ki, Fransanın bu addımı həm Türkiyə, həm də Azərbaycan tərəfindən cavabsız qalmayacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB