AŞPA-ya yeni sədr seçilib

Bu gün Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günündə qurumun yeni sədri seçilib. SİA-nın məlumatına görə, bundan sonra quruma Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Fransa Milli Assambleyasının deputatı Jan-Klod Minyon sədrlik edəcək. Assambleyanın daxili nizamnaməsinə görə, yeni sədr iki il ərzində bu vəzifəni tutacaq. 62 yaşı olan Jan-Klod Minyon, 1993-cü ildən etibarən Fransa Milli Assambleyasının AŞPA-dakı nümayəndə heyətinin üzvüdür, 2002-2003-cü illərdə və 2007-ci ildən bəri nümayəndə heyətinə rəhbərlik edir. Assambleyada Avropa Xalq Partiyasının vitse-prezidentidir. Fransada hakim Xalq Hərəkatı Partiyasının (UMP) üzvü və ölkəsində nüfuzlu siyasi simalarından hesab olunan Jan-Klod Minyon ötən əsrin 70-ci illərindən Fransada fəal siyasətlə məşğul olub və 1988-ci ildən etibarən Fransa Milli Assambleyasının üzvüdür. Parlamentar fəaliyyəti dövründə Milli Assambleyada Avropa və xarici məsələlərlə məşğul olan bir neçə komitənin üzvü olub, 1990-cı illərin əvvəllərində üzv olduğu partiyada Mərkəzi və Şərqi Avropa ölkələrində yeni demokratikləşən ölkələrlə əlaqələr üzrə baş katib vəzifəsində çalışıb. Xatırladaq ki, Jan-Klod Minyon Fransa Milli Assambleyasında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür. Eyni zamanda, Milli Assambleya və AŞPA-dakı fəaliyyəti zamanı uydurma "erməni soyqırımı"nın tanınmasının tərəfdarı olub. 2001-ci ildə Fransa Milli Assambleyasının \"erməni soyqırımı\"nı tanıması haqda qanun layihəsi təklifini imzalayanlar arasında onun da adı var. Bundan başqa, Jan-Klod Minyon AŞPA-nın vitse-prezidenti vəzifəsində olduğu zaman, bu qurumda da qondarma \"erməni soyqırımı\"nın tanınması və onun pislənməsi haqda yazılı bəyanatın müəllifi olub. Qeyd edək ki, Jan-Klod Miniondan öncə AŞPA sədrliyi vəzifəsini türkiyəli millət vəkili Mövlud Çavuşoğlu icra edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə