Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboya səfəri çərçivəsində Nizami Gəncəvi adına parkın açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, park Goranboy şəhərinə Goran istiqamətindən girişdə yerləşir.
Parkın giriş qapısı müasir üslubda inşa olunub. Burada dahi Azərbaycan şairi Nizami Gəncəvinin möhtəşəm heykəli ucaldılıb. Abidənin ətrafında şairin "Xəmsə"sinə daxil olan "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" poemalarının kompozisiyasını əks etdirən mozaik fotolar yaradılıb.
Azərbaycan Prezidenti parkı gəzib, burada yaradılan şəraitlə tanış olub. Qeyd edilib ki, 1,1 hektar ərazini əhatə edən park bir il yarım ərzində başdan-başa yenidən qurulub. Burada yaradılan 3 fəvvarə ətrafa xüsusi yaraşıq verir.
Sakinlərin üstüörtülü iki istirahət guşəsindən istifadə edə biləcəkləri park uşaqların daha çox xoşuna gələcək. Çünki bu istirahət guşəsində xalq nağıllarının motivlərini əks etdirən kompozisiyalar yaradılıb. Parkda müasir işıqlandırma, fəvvarələrin işləməsi və yaşıllıqların suvarılması üçün suvarma sistemləri quraşdırılıb, müasir bulaq kompleksi inşa edilib, oturacaqlar qoyulub. Parkda ümumilikdə 30 minə yaxın müxtəlif növ dekorativ ağac və gül kolları əkilib. Bir sözlə, Goranboyda yeni istifadəyə verilən Nizami Gəncəvi adına parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev parkda yaradılmış şəraiti yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 420 şagirdin təhsil alacağı məktəbin binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Qeyd edilib ki, məktəbin 1935-ci ildə tikilmiş əvvəlki binası son dövrlərdə tamamilə yararsız və qəzalı vəziyyətdə idi. Təhsil ocağının yeni binasının tikintisinə ötən ilin əvvəllərində başlanmış, bunun üçün 0,5 hektar torpaq sahəsi ayrılıb. İkimərtəbəli bina qısa müddətdə müasir tələblər səviyyəsində inşa olunub.
Prezident İlham Əliyev məktəblə yaxından tanış oldu. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb. Məktəbin sinif otaqlarında, laboratoriyalarında və müxtəlif təyinatlı digər otaqlarda yüksək səviyyəli təhsil almaq üçün hər cür şərait yaradılıb.
Dövlət başçısı siniflərdə dərs prosesi üçün yaradılmış şəraitlə tanış olub. İnformatika otağında yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, bütün kompyuterlər internetə qoşulub.
Məlumat verilib ki, məktəbin akt zalı müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şəraitə malikdir. Şagirdlər nəzəri biliklərini laboratoriyalarda təcrübələrlə daha da möhkəmləndirəcəklər.
Qeyd edilib ki, məktəbin inzibati otaqları rahatlığı ilə diqqəti cəlb edir. Məktəbin kitabxanasında 5 mindən artıq vəsait toplanıb. Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini əks etdirən guşə də yaradılıb.
Prezident İlham Əliyev məktəbin müasir tələblərə cavab verən idman zalında gənc idmançılarla görüşüb, onlarla söhbət edib, xatirə şəkli çəkdirib. Dövlət başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirib.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, binanın tikintisinə 2010-cu ilin noyabrında başlanıb. Dörd yüz kvadratmetr sahəsi olan ikimərtəbəli binanın həyətində YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin portreti, ikinci mərtəbədə isə büstü qoyulub. Büstün ətrafında ümummilli liderin və Prezident, YAP-ın sədri İlham Əliyevin partiya qurultaylarında iştiraklarını əks etdirən fotolar vardır. Ümumilikdə inzibati bina 9 otaqdan və konfrans zalından ibarətdir. Səksən nəfərlik konfrans zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanıb. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Binada ilin bütün fəsillərinə uyğun müasir havalandırma və digər sistemlər quraşdırılmış, həyətyanı sahə yaşıllaşdırılıb.
Bildirilib ki, partiyanın rayon təşkilatı 1995-ci ilin yanvarında 38 ilk ərazi təşkilatının iştirakı ilə təsis olunub. Rayon təşkilatının üzvlərinin 33 faizini gənclər, 51 faizini isə qadınlar təşkil edir.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Goranboy Mədəniyyət Evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak esib. Dövlət başçısına məlumat verilib ki, binanın təmiri zamanı işlərin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilib.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına göstərdikləri qayğını əks etdirən fotoguşələr yaradılıb.
Qeyd edilib ki, Mədəniyyət Evinin zalında rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait var. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, 1960-cı ildə istifadəyə verilən Mədəniyyət Evi uzun müddət təmir olunmadığından yararsız hala düşmüşdü. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2011-ci ilin yanvarında başlanılıb. Görülən təmir-bərpa işləri nəticəsində binanın zalı, foyesi və otaqları yenidən qurulmuş, giriş hissəsi müasir memarlıq üslubunda inşa edilib. Müasir avadanlıqla təchiz edilmiş Mədəniyyət Evinin binası üzlük daşla örtülüb.
Dövlət başçısı Mədəniyyət Evinin böyük zalı ilə də tanış olub. Bildirilib ki, 400 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.
Prezident İlham Əliyev Goranboy şəhər uşaq incəsənət məktəbinin xor kollektivinin ifasında bəstəkar Oqtay Zülfüqarovun "Mehriban insanlar" mahnısını dinləyib. Mədəniyyət Evi ilə tanış olan Azərbaycan Prezidenti kollektivə uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Goranboya səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, məktəbin tikintisinə 2011-ci ilin əvvəlində başlanıb. Yüksək səviyyədə aparılmış inşaat işləri ötən ilin sonlarında başa çatdırılıb. İkimərtəbəli məktəb Goranboyda uşaqların şahmatın sirlərinə dərindən yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub. Məktəbin ətrafında müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıqlar salınıb.
Məlumat verilib ki, şahmat məktəbi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan binada yerləşirdi. Məktəb üçün şəhərin Heydər Əliyev prospektində ümumi sahəsi 300 kvadratmetr olan yeni bina inşa edilib. Müasir memarlıq üslubunda tikilmiş məktəbin həyətində uşaqların açıq havada şahmat oynamaları üçün də geniş sahə yaradılıb.
Məktəblə tanışlıq zamanı Azərbaycan Prezidentinin diqqətinə çatdırılıb ki, binanın hər iki mərtəbəsində oyun zalları yaradılıb. Zallarda eyni vaxtda 50-dək şahmatçı görüş keçirə bilər. Buradakı tədris otaqları lazımi avadanlıqla təchiz olunub. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılıb. Bu da dərslərin kompyuter vasitəsilə keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Məktəbdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotogüşlər yaradılıb. Ümumilikdə, məktəbdə 494 uşağa şahmat dərsləri keçilir.
Qeyd edilib ki, şahmat məktəbi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Goranboy şahmatçıları son illərdə beynəlxalq və respublika şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülüblər.
Prezident İlham Əliyev məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Naftalan şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları sanatoriyalardakı ağır şərait və Goranboyda məcburi köçkün ailələri üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı və texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.
Qeyd edilib ki, yeni binalardan səkkizi 60, biri isə 45 mənzillidir. Mənzillər bir, iki, üç və dörd otaqlıdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu məhəllədə bütün lazımi tədbirlər görülmüşdür. Mənzillərin elektrik, istilik və su ilə təchizatı yüksək səviyyədə həyata keçirilib. Bildirilib ki, ümumiyyətlə, Goranboy rayonu ərazisində indiyədək 2 min 150 ailə, o cümlədən 208 daimi məskunlaşmamış qaçqın və 1942 məcburi köçkün ailəsi üçün 6 qəsəbə və 690 mənzilli 12 beşmərtəbəli binadan ibarət bir məhəllə salınıb.
Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün Qədim Sadıqovun mənzilində oldu, burada yaradılan şəraitlə maraqlandı. Q.Sadıqov qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib.
Sonra Azərbaycan Prezidenti məhəllədə inşa olunmuş Xocalı şəhər 1 nömrəli musiqi məktəbində yaradılmış şəraitlə tanış olub. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalıdan olan məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər yaradılıb. Burada ayrıca "Xocalı faciəsi - xalqın qan yaddaşı" adlı fotoguşə də var. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən guşələr yaradılıb.
Məlumat verilib ki, musiqi məktəbində tar, qarmon, nağara və fortopiano sinifləri yaradılmışdır.Burada uşaqların musiqini dərindən mənimsəmələri üçün hər cür şərait var.
Prezident İlham Əliyev məktəbin zalında Xocalı rayonundan olan məcburi köçkünlərin ifasında musiqi nömrələrini dinlədi, onlarla xatirə şəkli çəkdirib. Daha sonra Prezident İlham Əliyev yeni məhəllənin sakinləri ilə görüşüb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Goranboy rayonuna gedib. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Goranboy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan Prezidentinə abidə ətrafında aparılan abadlıq və tikinti-quruculuq işləri barədə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB