Prezident İlham Əliyev: “Ölkə əhalisinin əsas ərzaq məhsulları ilə təmin olunması istiqamətdə böyük işlər görülüb” - TƏHLİL
Dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü biruzə verir. Hər bir dövlətin qarşısında duran ən vacib vəzifələrdən biri əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatıdır. Zaman və məkandan, ictmai-siyasi quruluşundan və idarəetmə sistemindən asılı olmayaraq bu məsələ müasir dövr üçün də öz aktuallığını itirməyib, əksinə, daha da ciddiləşib. Bu mövqedən çıxış edərək dövlətimizin qarşısında duran çoxsaylı vəzifələr arasında ərzaq təhlükəsizliyini önə çəkmək məhsulları ilə etibarlı təminatı məsələsi xüsusi yer tutur. Bunu çox yaxşı bilən böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamış və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq ərzaq təhlükəsizliyi məsələsini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil etmişdir.
Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir.
Yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə əhalisinin keyfiyyətli, davamlı və təhlükəsiz ərzaqla təmin olunması üçün mümkün variantlar barəsində geniş çıxış edib.
Prezident 2012-ci ildə ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin daha da gücləndirməsi təklifi ilə çıxış edib və bu sahədə görülən işlərin müsbət olduğunu xüsusi qeyd edib: "Biz bu il kənd təsərrüfatında böyük artıma nail ola bilmişik. Əkin sahələri, məhsuldarlıq artır. Xüsusilə taxılçılıqda məhsuldarlıq artır, bu, çox müsbət haldır. Əminəm ki, görüləcək tədbirlər nəticəsində böyük fermer təsərrüfatlarının yaradılması və onlara dövlət tərəfindən dəstək, meliorativ tədbirlərin, fermerlərə güzəştli şərtlərlə bütün yanacağın, gübrələrin verilməsi, aqrolizinq, aqroservislərin fəaliyyəti hesabına biz bu sahədə uzunmüddətli, dayanıqlı inkişafı təmin edəcəyik".
Dövlətimizin başçısı hələ bir neçə il bundan əvvəl ölkə əhalisinin əsas ərzaq məhsulları ilə təmin olunmasını qarşıya vəzifə kimi qoyduğunu deyib və əlavə edib ki, bu istiqamətdə böyük işlər görülüb. Bu gün satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunub. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç xarici məhsuldan geri qalmır - həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından. Bizim məhsullarımız, xüsusilə tərəvəz, meyvə məhsullarımız təbiidir. Dünyada buna orqanik deyirlər. Bakıya, Azərbaycana gələn bütün qonaqlar məəttəl qalırlar ki, bizdə necə gözəl, təbii meyvələr, tərəvəzlər vardır.
Prezident kənd təsərrüfatının inkişafını, xüsusilə meyvə-tərəvəz sahəsindəki inkişafını təmin etməklə yanaşı keyfiyyətə də xüsusi diqqət yetirməyin vacibliyini bildirib. Bunun üçün Azərbaycanda müasir texnologiyalar var. Bağçılıq sahəsində müasir texnologiyalara uyğun şəkildə istixanalar tikilir. Kənd Təsərrüfatı Nazirliyi bu məsələlərlə məşğuldur.
Ölkə rəhbəri çıxışı zamanı qeyd edib ki, 2011-ci ildə dövlət tərəfindən verilən vəsait hesabına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə böyük vəsait ayrılıb. 2012-ci ildə də rekord göstəriciyə çatırıq - sahibkarlara güzəştli şərtlərlə 200 milyon manat kreditlər veriləcək: "Mən çox şadam ki, bu, həm maliyyə dəstəyidir, həm də sahibkarlara çox yaxşı məsləhətlər, işə başlamaq üçün maddi imkanlardan asılı olaraq müxtəlif biznes-planlar verilir. Biz doğrudan da sahibkarlara çox böyük diqqətlə yanaşırıq. Mən deyə bilmərəm hansı başqa ölkədə belə yanaşma vardır. Fermerlərə güzəştli şərtlərlə yanacaq, gübrələr, aqrolizinq xətti ilə texnikalar verilir. Aqroservislər yaradılıbdır. İribuynuzlu cins mal-qara gətirilir, fermerlərə verilir. Ondan sonra güzəştli şərtlərlə kreditlər verilir".
İlin yekununa həsr olunmuş iclasda ərzaq təhlükəsizliyini davamlı təmin etmək üçün infrastrukturun yaradılması da diqqət mərkəzində olub. Prezident bu məsələyə aydınlıq gətirərək qeyd edib ki, keçən ilin sonunda azot gübrəsi zavodunun təməl daşı qoyulub. Yəni, biz özümüzü gübrələrlə, azot gübrələri ilə tam şəkildə təmin edəcəyik, ixrac da edəcəyik. Qaz ehtiyatlarımızdan güzəştli şərtlərlə qazı verəcəyik ki, səmərəlilik artsın. Yəni, özümüzü təmin etmək üçün böyük işlər görülübdür. İşlər bu il də, gələn il də, ondan sonra da görüləcəkdir. Gərək biz indidən gələcəyi düşünək. İndi biz bir çox mövqelər üzrə özümüzü təmin edirik.
Prezident quşçuluq sənayesinin inkişafına da toxunub. Qeyd olunub ki, əvvəllər Azərbaycanda quşçuluq sahəsində istehsal aşağı səviyyədə idi. İndi görüləcək tədbirlər nəticəsində 2012-ci və 2013-cü illərdə yeni tikiləcək quşçuluq fabriklərinin fəaliyyəti hesabına biz özümüzü quş əti ilə də təmin edəcəyik. Süd emalı, konserv kombinatları tikilir, bağçılıq, bitkiçilik inkişaf edir. Bitkiçilikdə əlbəttə, biz hələ ki, idxaldan asılıyıq, yəqin ki, bir müddət asılı olacağıq. Ancaq bütün başqa mövqelər üzrə biz ya özümüzü təmin edirik, ya bir-iki ildən sonra tam şəkildə təmin edəcəyik. Sual yaranır ki, ondan sonra nə olacaqdır? Çünki biz indi kənd təsərrüfatının inkişafına böyük investisiyalar qoyuruq. Böyük təsərrüfatlar, zavodlar, fabriklər yaradılır. Azərbaycanda sahibkarlar sinfi yaradılıbdır. Onlar əldə edilən gəlirlərin bir hissəsini yeni müəssisələrə yönəldirlər. Belə olan halda, 4-5 ildən sonra bizə əlavə xarici bazarlar lazım olacaqdır. İndi bizim ənənəvi bazarlarımız vardır. Bu bazarlarda Azərbaycan məhsullarına ehtiyac və tələbat vardır. Ancaq biz gələcəyə baxmalıyıq. Bizim potensialımız indiki ixrac imkanlarımızdan bəlkə bir neçə dəfə artıq olacaqdır.
Dövlət başçısı istehsal olunmuş ərzaq məhsullarının təkcə ölkə daxilində deyil, eyni zamanda ölkə xaricinə ixrac olunmasını məqbul sayıb və vurğulayıb ki, xarici əlaqələrimiz artır, biz xarici bazarlara daha məqsədyönlü şəkildə çıxmalıyıq. Öz biznes strukturlarımıza kömək etməliyik. Xarici siyasət sahəsində tərəfdaşlarla danışıqlarda bu mövzu daim mövcud olmalıdır. Bizə xarici bazarlar lazım olacaqdır. Biz ənənəvi bazarlara və yeni bazarlara daha da böyük həcmdə çıxmalıyıq. Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir. Yəni, belə məhsulların sayı artacaqdır və biz yeni bazarlara çıxmaq üçün baxmalıyıq ki, əlavə hansı tədbirləri görə bilərik.
"Məhsulların saxlanması ilə bağlı əsas məsələlər həllini tapıb", - deyən ölkə rəhbəri bildirib ki, kifayət qədər soyuducu anbarlar tikilib. Bu il də tikilməsi nəzərdə tutulub. Taxıl anbarları da tikilir. Yəni, məhsulların saxlanması üçün və qiymətlərin normal vəziyyətdə olması üçün biz bu şəraiti yaradırıq: "Mən çox şadam ki, bayramlar ərəfəsində - həm Yeni il bayramı, ondan əvvəl Qurban bayramı ərəfəsində qiymətlərdə artım müşahidə edilməmişdir. Bəzi hallarda qiymətlər aşağı düşür. Bu da çox yaxşı nəticədir, yaxşı göstəricidir. Bu, onu göstərir ki, bazarlara nəzarət yüksək səviyyədədir və bu mübarizəni aparmaq mümkündür. Sadəcə olaraq, bütün aidiyyəti qurumlar vicdanla işləməlidirlər, süni qiymət artımına yol verməməlidirlər ki, kimsə burada əsassız varlansın, insanlar isə əziyyət çəksinlər".
Azərbaycan Avropa İttifaqına və inkişaf etmiş dünyaya inteqrasiya yolunu seçib. Qeyd etmək lazımdır ki, bu yolda xeyli uğurlar əldə edilib və hazırda işlər davam etdirilməkdədir. Azərbaycanda ərzaq keyfiyyəti və qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin müasirləşdirilməsi də olduqca aktualdır və həmin tədbirlər sırasındadır.
Hazırda dünyada qida təhlükəsizliyinin idarəedilməsi üçün ən çox istifadə olunan sistem HACCP (Hazard Analysis and Critical Control Point – Təhlükəli Faktorların Analizi və Kritik Nəzarət Nöqtələri) sistemidir və bu, qida təhlükəsizliyinin idarəedilməsi üçün mühüm əhəmiyyət kəsb edən, təhlükəli faktorların identifikasiyası, qiymətləndirilməsi və onlara nəzarət mexanizmidir. Təhlükəli faktor - insan sağlamlığı üçün təhlükə mənbəyi olub ərzaq məhsullarında yer alan bioloji, kimyəvi və fiziki agent və ya ərzaq məhsulunun vəziyyətidir. Kritik Nəzarət Nöqtəsi isə təhlükəli faktorun qarşısını almaq, aradan götürmək və ya onu məqbul həddə salmaq üçün nəzarətin zəruri olduğu istehsal zəncirinin mərhələsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB