2012-ci ildə məcburi köçkünlərin mənzil-məişət şəraiti ötən ilə nisbətən 2 dəfə çox yaxşılaşdırılacaq

2012-ci ildə məcburi köçkünlərin mənzil-məişət şəraiti ötən ilə nisbətən 2 dəfə çox yaxşılaşdırılacaq

2011-ci il ərzində 2120 məcburi köçkün ailəsindən 10600 nəfərinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. SİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2011-ci ilin yekunlarına dair hesabata istinadən xəbər verir ki, 2011-ci ildə Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsinə beşmərtəbəli 10 yaşayış binası və rayonun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbə istifadəyə verilib. Ötən il Goranboy rayonu ərazisində 525 ailəlik beşmərtəbəli 9 yaşayış binası, Heydər Əliyev Mərkəzinə yaxın yataqxanada acınacaqlı vəziyyətdə məskunlaşan məcburi köçkünlər üçün Sabunçu rayonunun Ramana qəsəbəsində 80 mənzilli binanın tikintisi başa çatdırılıb. Bakı şəhəri ərazisində dövlət ehtiyacları ilə əlaqədar 406 məcburi köçkün ailəsinə Maliyyə Nazirliyinin xətti ilə hazır mənzillər alınmaqla köçürülməsi təmin edilib. Prezidentin "Naftalan şəhərinin sosial inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında\" sərəncamının icrası ilə əlaqədar Naftalan şəhərindəki bütün məcburi köçkün ailələrinin Goranboy rayonu ərazisində salınan beşmərtəbəli 12 yaşayış binasından ibarət yeni məhəllədəki 690 mənzilə köçürülüb.


Ötən il investisiya vəsaiti hesabına Füzuli rayonunun Haramı ərazisində 80 evin bərpası, Qazax rayonunda konserv zavodu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 24 evin, həmçinin Axıska türklərinə məxsus tikintisi yarımçıq qalan 52 evin inşası da başa çatdırılıb. Bununla yanaşı bu günə qədər Axıska türklərinə məxsus 324 evin inşası yekunlaşıb.

2011-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 715 manat (894 ABŞ dolları) təşkil edib.

2011-ci ildə 2171 nəfər məcburi köçkünün daimi, 5 min nəfərə qədər isə mövsümi işlə təmin olunub, 10 min 600 ailəyə ünvanlı sosial yardım təyin edilib. Son 8 ildə 83 min nəfər məcburi köçkün müvafiq işlə təmin edilib.

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılan kredit sazişi üzrə 2011-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən ümumi dəyəri 11,5 milyon ABŞ dolları təşkil edən 106 müxtəlif növ icma mikrolayihəsi həyata keçirildiyini və 55 min nəfərin faydalandığını söyləyib. O cümlədən 2004-2011-ci illərdə 75 faizi məcburi köçkün olan 289 min nəfərin faydalandığı və dəyəri 34,5 milyon ABŞ dolları təşkil edən 478 icma mikrolayihəsi icra edilib.


O həmçinin son 8 ildə 9,6 min nəfər məcburi köçkünə 4,5 milyon manat məbləğində mikrokredit verildiyini və bu proqramlardan 44 min 500 nəfər məcburi köçkünün faydalanıb. 2011-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 715 manat (894 ABŞ dolları) təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 8 ildə 74 faizdən 18 faizədək azaldılıb.


2012-ci ildə məcburi köçkünlərin mənzil-məişət şəraiti 2011-ci ilə nisbətən 2 dəfə çox yaxşılaşdırılması planlaşdırılır. Bu il üçün yeni proqram isə artıq hazırlanıb və yaxın vaxtlarda müzakirə olunacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə