Daşınmaz əmlak bazarında köhnə evlərin qiymətləri aşağı düşüb-ARAŞDIRMA

Daşınmaz əmlak bazarında köhnə evlərin qiymətləri aşağı düşüb-ARAŞDIRMA
Daşınmaz əmlak bazarında köhnə evlərin qiymətləri ötən illə müqayisədə aşağı düşüb. SİA-nın verdiyi məlumata görə, son bir ayda köhnə binalarda evlər 1,3 faiz ucuzlaşıb. Mütəxəssislər isə hesab edir ki, təkrar bazarlarda qiymətlərin azalması köhnə binaların tam olaraq istismar müddətini başa vurması ilə bağlıdır. Paytaxtda yerləşən evlərin alqı-satqı mərkəzlərində isə mənzil bazarında olan ucuzlaşmanı mövsümlə əlaqələndirirlər. Belə ki, yaz və yay aylarında insanların istirahətə uz tutaraq müəyyən vəsait xərcləməsi evlərin satışında durğunluq yaradır. Lakin payız aylarında isə bunu demək olmaz. Uzun illərdir, ev alqı-satqısı ilə məşğul olan Nazim Abdullayev deyir ki, mənzil bazarında ucuzlaşma paytaxın kənar hissələrində daha aydın hiss edilir: "Paytaxtda mənzillər daha çox payızda alınır, çünki bu dövrdə Rusiyada olan iş adamları Bakıya qayıdır və onlar ev alıb kapital kimi saxlayırlar. Ucuzlaşma daha çox şəhərin kənar hissələrində müşahidə edilir". İqtisadçılar isə hesab edir ki, mənzil bazarında canlanma yaratmaq üçün ipoteka kreditləri yeni tikilən evlərə də verilməli, kreditləşməyə ayrılan vəsait artırılmalıdır. İqtisadçı ekspert Vüqar Bayramlı deyir ki, son günlər ipoteka kreditlərinin verilməsi mənzil bazarında alıcılıq gücünü bir qədər də artırıb.Onun sözlərinə görə, ötən ay aparılan monitorinqlərin nəticələrinə görə, paytaxt mənzillərin qiyməti MDB və bir sıra Avropa ölkələri ilə müqayisədə yüksəkdir: \"Buna misal olaraq deyə bilərik ki, əgər Almaniyanın paytaxtı Berlinin mərkəzi hissəsində 60 min manata 3 otaqlı mənzil almaq mümkündürsə, Bakıda eyni qiymətə yalnız paytaxtın mərkəzindən kənar rayonlarında bu istək reallaşa bilər. Eyni zamanda paytaxtda satılan mənzillərinin qiyməti Çexiyanın paytaxtı Praqanın mərkəzində satışa çıxarılan mənzilin qiymətindən 40 faiz çoxdur. Statistik nəticələr göstərir ki, Bakı mənzil bazarında MDB-də ən yüksək qiyməti olan şəhərlər sırasında ilkin yerlərdən birini tutur. Bir müddət əvvəl monitorinqlər apardıq ki, bunun da nəticəsi olduqca gözlənilməz oldu. Çünki ABŞ-da dəyəri 100 min manata olan mülk paytaxtda real qiymətindən bir neçə dəfə baha təxminən 300 min manata almaq olar. Eləcə də ABŞ-da Vaşinqtonun mərkəzi hissəsinə yaxın olan bir yerdə 60 min manata olan 3 otaqlı mənzili biz paytaxtın kənar hissəsində almaq mümkündür".

Vüqar Bayramlının fikirincə, bu gün ölkə iqtisadiyyatının inkişaf etdiyi bir zamanda bazar qiymətlərinin yüksək olması əhali arasında alıcılıq səviyyəsini aşağı salır. Çünki mənzil bazarında qiymətlər orta əmək haqqı ilə müqayisədə 2,5 faiz yüksəkdir. Qeyd edək ki, yeni tikilən binalardakı mənzillərin qiymətində artım müşahidə edilmir. Çünki həmin binalarda evlərin kvadratmetri 600-700 manatdan ucuz deyil. Bu isə onsuz da yuxarı hədd sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə