Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlər müzakirə edilib
Bu gün "Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, "Təhlükəsiz yol" Alyansının təşkilatçılığı ilə reallaşan tədbirdə qeyri-hökumət təşkilatları, bir sıra dövlət qurumlarının, həmçinin ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Təhlükəsiz yol" Alyansının həmtəsisçisi, "İnsan Hüquqları XXI əsr Azərbaycan" Fondunun prezidenti Şahin Camalov yola saldığımız ildə Azərbaycanda dəhşətli həddə çatan yol qəzaları və çoxsaylı insanların bu qəzaların qurbanına çevrilməsinin ciddi narahatlıq doğuran bir problem olduğunu diqqətə çatdırıb. O, bildirib ki, "Təhlükəsiz yol" Alyansının yaradılmasından əsas məqsəd bu cür qəzaların səbəblərinin araşdırılması və bu səbəblərin aradan qaldırılması istiqamətində ictimai sektor səlahiyyətləri çərçivəsində birgə fəaliyyətlərin həyata keçirilməsidir.
Dəyirmi masada çıxışı zamanı "Təhlükəsiz yol" Alyansının həmtəsisçisi, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev yol təhlükəsizliyi ilə bağlı mövcud qanunvericilik bazasında bir sıra dəyişikliklərin olunmasının vacibliyini qeyd etdi. Onun sözlərinə görə, Avropa ilə müqayisədə bu gün Azərbaycanda yol-nəqliyyat hadisələrinə tətbiq olunan cəzalar çox yüngüldür. O bildirib ki, istənilən adam istənilən vəziyyətdə avtomobil idarə etdiyi üçün belə qəzaların meydana gəlməsi qaçılmazdır. Əliməmməd Nuriyev qeyd edib ki, bu gün yol qəzalarından daha çox uşaqlar ziyan çəkir və bu onlarda ömürlük travmaya səbəb olur. Həmtəsisçi, yol qəzalarının qarşısını almaq üçün mövcud sanksiyaların sərtləşdirilməli olduğunu vurğulayıb.
Həmçinin toplantı zamanı bildirildi ki, "Təhlükəsiz yol" Alyansının fəaliyyət planında əsas istiqamətlər dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq, sürücü və piyadaların maarifləndirliməsi məqsədi ilə müxtəlif aksiyaların keçirilməsi, milli qanunvericiliyin araşdırılması və mövcud boşluqların doldurulması ilə bağlı, habelə Dövlət Yol Polisinin işinin effektivliyinin artılıması və yol infrastrukturundakı problemlərin aradan qaldırılması sahəsində təkliflərin hazırlanmasıdır.
Dəyirmi masada Baş Dövlət Yol Polis İdarəsinə, Bakı şəhəri Dövlət Yol Polis İdarəsinə və Nəqliyyat Nazirliyinə yol təhlükəsizliyi sahəsindəki problemlərin araşdırılıması və həlli istiqamətində əməkdaşlıq edilməsi üçün işçi qrupunun yaradılması ilə bağlı müraciət qəbul olunub.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB