Azərbaycan İrlandiyanın ATƏT-ə sədrlik üçün prioritetlərinə münasibət bildirdi

Azərbaycan İrlandiyanın ATƏT-ə sədrlik üçün prioritetlərinə münasibət bildirdi

Ötən gün İrlandiyanın baş nazirinin müavini, xarici işlər və ticarət naziri, ATƏT-in hazırda fəaliyyətdə olan sədri Eymon Gilmor ATƏT-in Daimi Şurasında çıxış edib. Onun çıxışına cavab olaraq ATƏT-in üzvü olan dövlətlərin daimi nümayəndələri bəyanatlar veriblər.


Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi səfir Qalib İsrafilov pan-Avropa təhlükəsizliyinə dair müzakirələrin aparılması və konsensus qərarların qəbul edilməsi baxımından ATƏT-in nadir bir forum olduğunu bildirib və təhlükəsizliyin hər üç meyarı üzrə Azərbaycan tərəfinin konkret təkliflərini səsləndirib. O, silahlara nəzarət, etimad və təhlükəsizlik quruculuğu rejimləri yeniləşərkən münaqişələr nəticəsində yaranmış işğal və hərbi intervensiya amilinin nəzərə alınmalı olduğunu qeyd edib.


İqtisadi və ətraf mühit meyarında ölkəsinin İrlandiya ilə yaxından işləməyə hazır olduğunu bildirən Azərbaycan nümayəndəsi, eyni zamanda, köhnəlmiş nüvə reaktorlarından irəli gələn təhlükələrin bu çərçivədə müzakirəsinin məqsədəuyğunluğunu vurğulamışdır. O, humanitar meyarda məcburi köçkünlərin hüquqlarının, o cümlədən onların öz torpaqlarına qayıtmaq hüququnun təminatının prioritetlər arasında olduğunu qeyd edib.


Münaqişələrin həllinə gəldikdə isə səfir Azərbaycanın bu istiqamətdə ATƏT-dən haqlı olaraq xüsusi gözləntilərinin olmasını və bu baxımdan ATƏT-in münaqişələrin həllində potensialının gücləndirilməsi üçün Azərbaycan tərəfinin sədrliklə birgə müvafiq təkliflərə baxacağını bildirib.


İclasda Azərbaycanın daimi nümayəndəsi münaqişələrin həllində İrlandiya təcrübəsinin öyrənilməsinə hazır olduğunu vurğulayıb, lakin bununla yanaşı hər bir münaqişənin öz xüsusiyyətlərinin və fərqli nəticələrinin olduğunu bildirib. Belə ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin davam edən işğalı və bu ərazilərdə etnik təmizləmənin həyata keçirilməsi amilləri nəzərə alınmalıdır. Bu xüsusda, Azərbaycanın daimi nümayəndəsi iclasda iştirak edənlərin Avropada güc yolu ilə monoetnik cəmiyyətlərin yaradılmasına qarşı çıxdıqlarına əminliyini qeyd edib. Səfir Q.İsrafilov monoetniklik barədə fikirlərin irqçiliyə bərabər olduğunu və bütün Avropa üçün böyük təhlükə törətdiyini xatırladıb və bu məsələdə ikili standartlara yol verilməməli olduğunu bildirib. Bu baxımdan, Azərbaycan tərəfi ATƏT və onun İrlandiya sədrliyini məcburi köçkünlərin Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərimizə qayıtması üçün fəaliyyət göstərməyə çağırıb. Münaqişə ilə bağlı etimad quruculuğu tədbirlərinin isə bu məqsədə çatmağa və o cümlədən Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında etimadın yaradılmasına xidmət etməli olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə