ABŞ Prezidenti Barak Obama Administrasiyasının rəsmi nümayəndələri bildiriblər ki, ölkə büdcəsinin xeyli azaldılacağı nəzərə alınmaqla hərbi strategiyaya yenidən baxılacaq.
SİA-nın verdiyi məlumata görə, onlar bildirmişlər ki, ABŞ büdcəsində yaranmış çox böyük kəsiri və dövlət borcunu azaltmağın zəruriliyi nəzərə alınmaqla silahlı qüvvələrin inkişafının daha realist planını işləyib hazırlamaq məqsədi ilə hərbi strategiya son 8 ayda Pentaqonda Obamanın şəxsi nəzarəti altında təhlil edilib.
ABŞ müdafiə naziri Leon Panetta və ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin başçısı general Martin Dempsi bu barədə yanvarın 5-də keçiriləcək mətbuat konfransında məlumat verəcəklər. Mətbuat konfransı başlamazdan əvvəl Barak Obama qısa bəyanatla çıxış edəcək.
Administrasiya nümayəndələrinin sözlərinə görə, müdafiə prioritetlərində ciddi radikal dəyişikliklər gözlənilmir. Əvvəlki strategiyalarla müqayisədə ən böyük fərq belə bir faktın etiraf edilməsi olacaq ki, ABŞ maliyyə mülahizələrini nəzərə alaraq eyni zamanda iki müharibə aparmağa və hər iki müharibədə qələbə qazanmağa imkan verəcək sayda quru qoşunları saxlamağı özünə rəva görə bilməz.
Başqa bir konsepsiyaya keçid tövsiyə olunacaqdır: ABŞ Silahlı Qüvvələri bir iri müharibə aparmağa və qələbə qazanmağa, eyni zamanda digər düşmənin təcavüzkar cəhdlərinin qarşısını uğurla almağa qabil olmalıdır.
Gözlənildiyinə görə, Panetta açıq-aşkar bildirəcək ki, milli təhlükəsizliyin təmin edilməsi mənafeləri ABŞ–ın Asiyada hərbi iştirakının davam etdirilməsini və hətta artırılmasını tələb edir. Bununla bərabər, Avropa, Afrika və Latın Amerikasına diqqət azaldılacaqdır. Panetta silahlanma ilə əlaqədar bir sıra iri proqramların həyata keçirilməsini bir-iki il təxirə salmağın zəruri olduğunu elan edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB