YENİ İL dünyada - FOTOSESSİYA

Bütün insanlar Yeni ili ümidlərlə, arzularla qarşılayır, növbəti ildən uğur, xoşbəxtlik gözləyirlər. Amma dünyanın hər yerində bu arzular eyni olsa da, adət-ənənəyə uyğun olaraq bayramın qarşılanma mərasimi hər ölkədə fərqli şəkildə keçirilir.

Yeni il Bayramı -dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd edib. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.

Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacsız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə də keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian diniylə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər.

Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə isə bu adət bütün Avropaya yayılır. Qeyd edək ki, Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə ABŞ-da ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.

Qeyd edək ki, dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə-xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel - yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

Yeni ili İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı- ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.

İtaliyada yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə ilə vidalaşırlar. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.

Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba- Youlupukkidir.

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına kütləvi şəkildə üzüm yeməyə axışır. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

Yeni il Avstriyada çox şən keçir, insanlar yeni il gecəsini küçələrdə şənlənməklə və karnavallarla keçirirlər. Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur.

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət və xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə mindi.

Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın.

Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnanırlar ki, həmin an sənə əziz olan birini öpməyə imkan tapsan il xoşbəxtlik içində keçəcək.

Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.

Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.

Ən qəribə bayram hədiyyələrini isə eskimoslar bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu hədiyyələri uzun müddət saxlamağa imkan verir.

Yeni il adətləri hər ölkədə fərqli şəkildə olsa da, bütün insanların yalnız bir arzusu var: sevdikləri ilə xoşbəxt, sağlam və rifah içində bir il keçirmək.

Yeni ilin bütün xalqımıza sağlamlıq, xoşbəxtlik, sevinc, uğur, sevgi və dinclik gətirməsini diləyirik.

Bayramınız mübarək!


Bütün xəbərlər Facebook səhifəmizdə