"2011-ci il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında bir sıra hadisələrlə yadda qalıb. Bu il ölkəmiz üçün uğurlu illərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlar əldə edib". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı həyata keçirdiyi siyasət 2011-ci ildə də öz bəhrəsini verib.
Onun sözlərinə görə, bu il Azərbaycanın mədəni həyatında, mədəniyyətimizin dünyaya tanıdılmasında ən mühüm hadisələrdən biri "Eurovision-2011" mahnı yarışmasında ölkəmizin qələbə qazanmasıdir: "Çox təqdirəlayiq haldır ki, dördüncü cəhddə Azərbaycan bu mahnı yarışmasının qalibi oldu. Həmin qələbənin ölkəmiz üçün mənəvi, psixoloji, ideoloji əhəmiyyəti vardır. Bu qələbə, həmçinin bizə düşmənçilik edən, ərazilərimizi işğal edən Ermənistan üzərində Azərbaycanın üstünlüyünü bir daha nümayiş etdirdi".
YAP İcra katibinin müavini qeyd edib ki, bu il sosial-iqtisadi sahələrdə də müsbət nəticələr qazanılıb. Onun sözlərinə görə, yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən proqram da mühüm nəticələr verir. Belə ki, hazırda ölkəmizdə yoxsulluğun səviyyəsi 8 faiz civarındadır və bu, çox vacib göstəricidir: "Bu il ölkəmiz beynəlxalq aləmdə də öz imicini möhkəmləndirib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xalqımız, müstəqil dövlətimiz üçün çox ciddi və əhəmiyyətli hadisə kimi yadda qalıb. 155 dövlətin Azərbaycana səs verməsi, ölkəmizin iki il ərzində bu təşkilata üzv olması diplomatiyamızın hücumçu xəttinin ən uğurlu nəticələrindən biridir. Əlbəttə ki, ən böyük problemimiz Ermənistanın təcavüzüdür. İşğalçı dövlət tərəfindən Azərbaycanın 17,2 min kvadratmetr ərazisi işğal edilib. İşğal olunmuş ərazilərimizin azad olunması istiqamətində də fəaliyyət davam etməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycan diplomatiyası bu prosesin irəli getməsi üçün müəyyən cəhdlər göstərib və nəticələr əldə edib. Lakin bu münaqişə hələ də həll edilməmiş qalır. Problemin həll edilməməsinin başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi, digər tərəfdən işğalçı dövlətə bəzi dairələrin himayə göstərməsidir. Bu dairələrin işğalçı, geridə qalmış, iqtisadiyyatı tənəzzülə uğramış bu ölkəni nə qədər yedəklərində daşıyacağı zaman məsələsidir. Zaman Azərbaycanın xeyrinə işləyir, ölkəmiz üzləşdiyi bu problemin həlli üçün zamandan səmərəli istifadə edir və etməkdədir" - deyə YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlının sözlərinə görə, keçid dövrünü başa vuran Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. O qeyd edib ki, ölkəmiz qarşıdakı dövrlərdə də yeni-yeni naliyyətlər qazanmaq əzmindədir və belə də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB