Rəbiyyət Aslanova: “Azərbaycan Türkiyənin bütün təşəbbüslərini dəstəkləməyə hazırdır”

Rəbiyyət Aslanova: “Azərbaycan Türkiyənin bütün təşəbbüslərini dəstəkləməyə hazırdır”

Qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı Fransa parlamentində sərt cəzaları nəzərdə tutan qanun layihəsinin planlaşdırılan müzakirəsi ilə bağlı Türkiyə və Azərbaycan parlamentində fikirlər səsləndirilib. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əgər qərar qəbul edilsə, bu, Fransa xarici siyasətinin uğursuz addımı kimi qiymətləndiriləcək: "Bu, müasir dövrdə beynəlxalq münasibətlər sistemində yavaş-yavaş dərinləşməkdə olan qarşıdurmanın artırılmasına gətirib çıxaracaq. İndi Avropa ölkələrində baş verən multikulturalizm böhranı, Yaxın Şərq ölkələrinə subyektiv mövqelər, "erməni soyqırımı" məsələsinin gündəmə gətirilməsi Fransa xarici siyasətini geriyə salacaq. Bu, Türkiyə-Fransa münasibətlərinə ciddi təsir göstərəcək".

R.Aslanova həmçinin Türkiyə parlamentində Fransanın Əlcəzair və Ruandada soyqırım törətməsinin müzakirəsində Azərbaycanın Türkiyəyə mümkün dəstəyi barədə də danışıb: "Bu, Türkiyənin irəli sürdüyü təşəbbüsdür. Bunun davamı necə olacaq, məlum deyil. Türkiyə Azərbaycana qardaş dövlətdir və biz həmişə Türkiyənin yanında olacağıq. Bu baxımdan Azərbaycan Türkiyənin bütün təşəbbüslərini dəstəkləməyə hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə