Elman Məmmədov: \"Sarkisyan kimi terrorçu ancaq Ermənistanın prezidenti ola bilər\" - MÜSAHİBƏ SəsTV

Elman Məmmədov: \"Sarkisyan kimi terrorçu ancaq Ermənistanın prezidenti ola bilər\" - MÜSAHİBƏ SəsTV

Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan çıxışı zamanı türklərin tezliklə ermənilərdən üzr istəyəcəyini bildirib. Sarkisyanın adət halını almış sərsəm bəyanatları və ümumiyyətlə, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətsiz mövqeyi haqda millət vəkili, Dağlıq Qarabağın Azərbaycan icmasının idarə heyətinin üzvü Elman Məmmədovdan aldığımız müsahibəni təqdim edirik:

- Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan çıxışı zamanı türklərin tezliklə ermənilərdən üzr istəyəcəyini bildirib. Ölkə başçısının siyasətçidən daha çox "küçə uşağı" kimi danışıqları onun psixoloji durumunda problemlər olduğundan xəbər vermir ki?

- "Küçə uşağı" ifadəsi məncə bu məqamda yerinə düşdü. Mən Sarkisyanı və bu gün onun komandasında rəhbərlikdə olan bir çox "ünsürləri" şəxsən tanıyıram. Onları ünsür adlandırdım, ona görə ki, bu cürlərinə şəxs deməyi layiq bilmirəm. Eşitdiyimiz bu cür çıxışlar heç bir təəccüb doğurmamalıdır. Çünki bütün bunlar Sarkisyanın şəxsiyyətinə, xarakterinə, mənəviyyatına xas olan xüsusiyyətlərdir. Biz əvvəlcə bilməliyik ki, Sarkisyan kimdir və Dağlıq Qarabağ məsələsində onun fəaliyyəti nədən ibarətdir? Sarkisyanın özünün də müsahibələrində, çıxışlarında bildirdiyi kimi, o Qarabağda aparılan müharibələrdə və Xocalı soyqırımında fəal iştirak etmiş daşnak hərbi rəhbərlərdən biridir. Yəni, bu adam faktiki olaraq cani və qatildir. Bu məqamda da belə bir el məsəli demək istəyirəm ki, "Anası günüm olanın, başına külüm olar" .Yəni, Sarkisyan kimi cani və terrorçu prezidenti olan ölkə də elə məhz Ermənistan kimi ola bilər. Yəni səsləndirdiyi məsuliyyətsiz və mənasız fikirlər eyni zamanda erməni xislətini əks etdirir. Əslində qarşıdan gələn prezident seçkilərini də nəzərə alıb bu bəyanatları verir ki, itib-batmış siyasi fəaliyyətini az da olsa üzə çıxarsın. Ağlı başında olub dünya siyasətini az da olsa izləyən birisi nəzər yetirsə açıq-aşkar görər ki, Ermənistan Türkiyənin yanında cılız bir qurumdur. Bu gedişlə də bu qurum Cənubi Qafqazda yoxa çıxacaq. Ona görə də, Ermənistanın Türkiyəyə qarşı bu mövqeyi özünü məhv etməkdən başqa heç bir mənsəbə xidmət etmir. Əgər prezident səlahiyyətini icra edən kimsə bu gün belə "küçə uşağı" kimi danışırsa deməli, o heç kimdir.


- Fransa Məclisinin qanun komissiyasının ötən həftə qəbul etdiyi layihəsinin dekabrın 22-də təsdiqlənəcəyi gözlənilir. Həmin layihədə bildirilir ki, Fransa qanunları tərəfindən tanınan \"erməni soyqırımı\"nın inkar edən şəxsə 1 il həbs cəzası və 45 min avro cərimə tətbiq ediləcək. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın bu mövqeyi münaqişənin həllində ədalətli olacağını şübhə altına almırmı?

- Əvvəla mən onu qeyd edim ki, bəli, ortada qondarma soyqırımı məsələsi var. Amma əslində həqiqət belə deyil. O dövrdə Fransa, Rusiya, İngiltərə kimi böyük dövlətlər erməni axmaqlarını öyrətdilər ki, siz Türkiyəyə qarşı qiyam qaldırın, vuruşun, savaşın, biz də Türkiyə ərazisində sizə müstəqil dövlət yaradacayıq. Orda baş verənlərin adlarını soyqırımı qoysalar da, ortada tarix var, sənədlər var, arxiv var. Bunlar üzə çıxmalı, göstərilməlidir. Elə o dövrdə həm erməni, həm də türk millətindən nə qədər insan həlak olubsa, hamısının əsas günahkarı məhz Fransadır. Digər tərəfdən isə mən Sarkoziyə demək istəyirəm ki, tarixi qoysun qarşısına, özlərinin Şimali Afrika ölkələrində törətdikləri soyqırımı hadisələrinə nəzər yetirsin. Düzdür, Fransa müstəqil dövlətdir və biz hansı qərarı qəbul edib, hansını etməməsi barədə göstəriş verəsi deyilik, amma biz bir məqamda narahat oluruq ki, Fransa heç vaxt ədalətli həmsədr ola bilməz. Çünki Fransa dövlətinin, maaliyyəsinin, dövlətinin və siyasətinin idarə olunmasında ermənilər söz sahibidir. Yəni Fransada erməni lobbisi böyük gücə sahibdir. Yadınızdadırsa Fransa Ermənistan haqqında "kiçik bacımız" ifadəsini dilə gətirmişdi. Yəni bu cür ifadəni işlədən dövlət başçısından nə qədər ədalətli mövqe gözləmək olar? Ona görə də mən həmişə deyirəm ki, Azərbaycan Fransa kimi dövlətlərin vasitəçiliyindən imtina etməlidir. Çünki Fransa danışıqlarda vasitəçi deyil, tərəfdir, Ermənistanın tərəfi.


- Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının Berlində nəzərdə tutulan görüşü Ermənistan tərəfinin görüşə gəlməməsi səbəbindən baş tutmadı. Niyə Ermənistan tərəfi hələ də bu məsələyə aydınlıq gətirmir?

- Bilirsiz niyə? Çünki, əsas reallığa nəzər salınmalıdır. Əslində görüşlərin keçirilməsi çox normal haldır, yəni tarixdə də danışıqlar və görüşlərlə böyük sülh sazişlərinin əldə olunduğu barədə eşitmişik və şahidi olmuşuq. Amma bu görüşlər harda keçirilməlidir, kimlər arasında təşkil olunmalıdır, əsas bu məsələlərə diqqət yetirmək lazımdır. Məsələn, istənilən şəhərdə Dağlıq Qarabağ erməniləri, ictimai xadimləri ilə keçirilən görüşlərin əleyhinə deyiləm. Bəs Ermənistan tərəfi nəyə görə belə görüşlərə gəlməkdən imtina edir? Bu gün çətin də olsa bu acı həqiqəti qəbul etməliyik ki, Ermənistan tərəfi müvəqqəti də olsa özünü qalib statusunda hiss edir. Bu gün onlar özlərini işğal olunmuş Azərbaycan torbaqlarında mütləq hakim hesab edirlər və kiminlə isə görüşə getməyi də gərəksiz hesab edirlər. Ona görə də biz elə etməliyik ki, onlar özləri hansısa görüşün təşkili üçün xahiş etsinlər. Mən erməni millətinin azğınlığına, xislətinə, mənəviyyatsızlığına, hiyləgərliyinə bələd olduğum üçün birmənalı olaraq deyirəm ki, Ermənistana qarşı güc tətbiq edilməlidir. Yəni onu məhv edəcək gücün ona sürətlə yaxınlaşdığını hiss etməlidir. Belə olduqda hansısa ölkə yox, elə azğın ermənilərin özləri görüşü təşkil etmək üçün tülkü, yazıq timsalında can atacaq və o görüşə yalvara-yalvara gələcəklər. Bu gün Ermənistan və onun özünə dayaq hiss etdiyi havadarı olan həmsədrlər elə bilirlər ki, Azərbaycan sülh mövqeyini dəyişməyəcək və sonda iradəsi tükənəcək. Açıq-aşkar ortadadır ki, həmsədr ölkələrin 3-ü də məhz Ermənistanın tərəfindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə