Ramil Səfərov ölkəyə qaytarıla bilər

Ramil Səfərov ölkəyə qaytarıla bilər
\"Azərbaycan və Macarıstan arasında razılıq olarsa, Ramil Səfərovun ölkəmizə qaytarılması mümkündür\". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. Sədrin sözlərinə görə, Macarıstanla ekstradisiya haqqında müqavilənin olmaması vaxtilə bu məsələdə müəyyən problemlər yaratdı: "Ramil Səfərovun verilməsi məsələsi dövlətlərarası məsələdir və dövlət bu işlə məşğul olur. İki dövlət arasında razılıq olarsa, onun qaytarılması real ola bilər". Sədrin sözlərinə görə, beynəlxalq normalara əsaslanaraq iki dövlət arasında razılığa gəlinərsə, bu məsələyə baxıla bilər. \"Güman etmirəm ki, onun Azərbaycana gətirilməsində siyasi məqsədlər rol oynasın. Burada problem sırf hüquqi müstəvidə həll olunmalıdır. İki ölkə arasında ekstradisiya haqqında müqavilə olsaydı, bu, daha asan olardı. Biz təşəbbüskarıq, ümid edirik ki, bu danışıqlar müsbət nəticələnəcək\", - Rzayev əlavə edib. Xatırladaq ki, Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı affekt vəziyyətdə qətlə yetirib. Ramil Səfərov Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə