Konstitusiya Məhkəməsinin növbəti iclası olub

Konstitusiya Məhkəməsinin növbəti iclası olub

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası olub. SİA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh edilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin, ekspertlərin rəylərini və mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, hüquqi şəxsin xalis mənfəəti divident şəklində səhmdarlar arasında bölüşdürülmədiyinə, səhmdarlara ödənilmədiyinə və səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirmədiyinə görə, onun nizamnamə kapitalının artırılmasına yönəldilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsində nəzərdə tutulmuş divident anlayışı ilə əhatə olunmur və dividentlərin vergiyə cəlb edilməsi üzrə vergi qanunvericiliyinin müddəaları bu əməliyyatlara şamil edilmir. Bölüşdürülməmiş mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi nəticəsində səhmdarların səhmlərinin nominal dəyərinin artırılması yalnız səhmlərin təqdim olunduğu halda fiziki şəxs olan səhmdarın gəlir vergisinin, hüquqi şəxs olan səhmdarın isə mənfəət vergisinin hesablanmasına səbəb ola bilər. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.


Bütün xəbərlər Facebook səhifəmizdə