Fransa Senatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans keçirilib

Fransa Senatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans keçirilib

Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə Fransa Senatında "Ermənistan ilə Azərbaycan arasında münaqişə, unudulmuş münaqişə" və "ATƏT-in Minsk qrupunun fransalı həmsədri" mövzularında dəyirmi masa təşkil olunub. SİA-nın "Azər Tac"a istinadən verdiyi xəbərə görə, iki mövzu üzrə aparılan bu tədbirdə ilk olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətinə və Fransanın həmsədr roluna toxunulub. Bu mövzu ətrafında Fransa Senatında Fransa-Azərbaycan dostluq qrupunun üzvü, Fransanın Orn bölgəsinin senatoru xanım Natali Qule, Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, Dağlıq Qarabağın Azərbaycan icmasının üzvü, millət vəkili Rövşən Rzayev, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lui Dümon və ATƏT-in Minsk Qrupunun Fransadan həmsədri Bernar Fasye çıxış ediblər.

Fransalı senator Natali Qule bu münaqişənin Avropada o qədər də tanınmadığını deyib. Hər iki ölkənin Avropa aid olduğunu söyləyən xanım Qule onun həlli yolları ilə yaxından tanış olmaları vacibliyini vurğulayıb və bu baxımdan, bu münaqişənin məhz Fransa Senatında müzakirə edilməsini yüksək dəyərləndirib.

Dağlıq Qarabağın Azərbaycan icması adından söz alan millət vəkili Rövşən Rzayev, bölgənin Azərbaycan icması olaraq Dağlıq Qarabağın erməni icması ilə birgə, sülh və əmin-amanlıq şəraitində yenidən yaşamağı qəbul etdiklərini və ermənilərlə dialoqa getməyə hazır olduqlarını bildirib. Amma Dağlıq Qarabağ icması üzvlərinin son dəfə Berlində icmalar arasında nəzərdə tutulmuş görüşə gəlmədiklərini təəssüflə qeyd edib.

Daha sonra söz alan ATƏT-in Minsk Qrupunun həmsədri Bernar Fasye konfrans iştirakçılarına Minsk qrupunun fəaliyyəti və bu qurumun son illərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki görülmüş işlərdən və ortada olan çətinliklərdən danışıb. Cənab Fasye qrupun 1994-ci ilin may ayından etibarən fəaliyyətə başlamasına baxmayaraq, əsas işlərin 1997-ci ildən sonra başladığını deyib: \"Hal-hazırda masanın üzərində olan həll variantı isə 2005-ci ildən bəri işlədiyimiz sənəddir. Təbii ki, mən özüm də Azərbaycanın ağrılarını başa düşürəm, bu ölkənin əraziləri işğal olunub. Fransız olaraq mən də işğalın nə olduğunu yaxşı bilirəm, amma Minsk Qrupunu fəaliyyətsizlikdə günahlandırmaq düzgün deyil. Biz tərəflərə son həll variantını məcbur şəkildə qəbul etdirə bilmərik. Tərəflər özləri bir razılığa gəlməlidir, biz də onlara bu işdə yardımçı olmalıyıq. Bizim indiki məqamda əsas məqsədimiz müharibənin yenidən başlanmasına imkan verməməkdir. Belə bir status-kvoda müharibə hər an yenidən alovlana bilər. İkinci uğurumuz isə ondan ibarətdir ki, tərəflər indi danışıqlar masasında əyləşiblər. Bundan başqa, indi Rusiya Cənubi Qafqaz ölkələri ilə baş-başa qalmayıb və bu münaqişə ilə bağlı danışıqlarda Fransa və ABŞ-la məsləhətləşmələr aparır\".

2007-ci ildə qəbul olunan Madrid prinsiplərindən danışan Bernar Fasye, Kazan görüşündən sonra dalana dirənən danışıqların, Vilnus görüşündə qəbul etdikləri birgə bəyanatdan sonra, yanvar ayından etibarən iki ölkə prezidentləri səviyyəsində yenidən canlandırılacağına ümidvar olduğunu söyləyib. Bernar Fasye Minsk Qrupunun yeni təyin olunmuş fransalı həmsədri Jak Forun diplomatik karyerası haqda məlumat verib və onun bu regionu yaxşı tanıdığını bildirib: \"Mən Jak Foru çox yaxşı tanıyıram. O, sovetlər dövründə uzun zaman keçmiş Varşava Paktı müqaviləsi ölkələri ilə məşğul olub və Cənubi Qafqaz regionunu da yaxşı tanıyır\".

\"Unudulmuş münaqişə\" adlı ikinci dəyirmi masada Dağlıq Qarabağın Azərbaycan icmasının üzvü, Azərbaycan Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Paris Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Pyer Konesa, fransız tarixçi Antuan Konstan və Effektiv Təşəbbüslər Mərkəzinin əməkdaşı Anar Usubov çıxış ediblər. Tədbirdə Fransanın tanınmış siyasətçiləri, tarixçiləri, media mənsubları, eləcə də Parisdə yaşayan soydaşlarımız və tələbələr iştirak ediblər. Dəyirmi masa çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotosərgi təşkil olunub və Qarabağ musiqiçilərinin ifasında muğamlar səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə