Elmar Məmmədyarov Almaniyada bir sıra ikitərəfli görüşlər keçirib

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Almaniyanın Bonn şəhərində keçirilən Əfqanıstan üzrə beynəlxalq konfransda iştirak edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov konfransda iştirakı çərçivəsində çıxış edib. O öz çıxışında Azərbaycanın Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyən ilk ölkələrdən biri olduğunu vurğulayıb və bu səylərə öz töhfəsini verdiyini qeyd edib. Nazir ANAMA-nın əfqanıstanlı mütəxəssislər üçün bir sıra təlimlər keçdiyini qeyd edib. Elmar Məmmədyarov eyni zamanda, Azərbaycanın Əfqanıstanla ikitərəfli əlaqələrə mühüm əhəmiyyət verdiyini vurğulayaraq, Əfqanıstanda sülhün və rifahın bərpası, eyni zamanda Əfqanıstan iqtisadiyyatının inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.


Nazir Elmar Məmmədyarov Bonna səfəri çərçivəsində həmçinin bir sıra ikitərəfli görüşlər keçirib. Elmar Məmmədyarovun Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla görüşündə ikitərəfli münasibətlərin hazırkı durumu və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində imkanlar barədə müzakirələr aparılıb.


Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ilə görüşən Elmar Məmmədyarov Azərbaycan və Ukrayna arasındakı ikitərəfli əlaqələr, xüsusilə də iqtisadi, investisiya, enerji sahələrində həyata keçirilən əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb. Görüşdə həmçinin GUAM təşkilatının inkişafı istiqamətində müzakirələr aparılıb.


Daha sonra Elmar Məmmədyarov İrlandiyanın ticarət və inkişaf üzrə dövlət naziri xanım Yan O’Sullivanla görüşüb. Görüşdə ikitərəfli əlaqələrin dərinləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. ATƏT-ə sədrlik edəcəyi müddətdə İrlandiya ilə Azərbaycan arasında qarşılıqlı-faydalı əməkdaşlıq imkanları əsas müzakirə obyekti olub.


Nazir Elmar Məmmədyarov Portuqaliyanın xarici işlər naziri Paulo Sacadura Cabral Portasla da görüş keçirib. Portuqaliyalı nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ilə bağlı azərbaycanlı həmkarını təbrik edib və TŞ çərçivəsində iki ölkə arasında səmərəli əməkdaşlığın aparılacağına ümidvar olduğunu vurğulayıb.


Portuqaliya tərəfi Azərbaycanla bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları sahələrində əməkdaşlıqda və həmçinin ölkəsinin Azərbaycana biznes missiyasının həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsi vacibliyi qeyd edilib və bu səfərlər çərçivəsində müqavilə hüquq bazasının möhkəmləndirilməsi istiqamətində əməli addımların atılması zəruriliyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə