Ekspert: "İrana hərbi müdaxilə olsa, fəlakət baş verəcək"

Ekspert: "İrana hərbi müdaxilə olsa, fəlakət baş verəcək"

İrana hücumla bağlı səslənən fikirlər və Avropa Birliyinin İranın neft sənayesinə tətbiq etdiyi əlavə sanksiyalar artıq dünya bazarında neftin qiymətinə öz təsirini göstərib. Belə ki, bu gün neftin qiyməti dünya bazarlarında artıb. Nyu-York birjasında "Light" markalı neftin 1 barreli və ya 159 litri orta hesabla 1,12% bahalaşaraq 102 dolları keçib. "Brent" nefti də 1,17% dollar bahalaşıb və 111 dolları keçib.


Ekspertlər hesab edir ki, İrana tətbiq olunan sanksiyalar dünyada neftin qiymətini qısa müddətə bahalaşdıracaq. Enerji sahəsi üzrə mütəxəssis İlham Şaban deyir ki, İran hazırda öz neftinin 30 faizə qədərini Avropaya, xüsusilə İtaliya, İspaniyaya ixrac edir. Bu qadağalardan sonra isə İran məcbur olaraq ya hasilatı azaldacaq, ya da nefti Asiya və Cənub-Şərqi Asiya ölkələrinə yönəldəcək. Bununla belə digər neft ixrac edən ölkələrin, xüsusilə Anqola, Nigeriya kimi ölkələrin ixracı artırması və Liviyada neft hasilatının artıq qaydasına düşməsi hesabına dünyada neftin qıtlığı o qədər də hiss olunmayacaq.


İrana hərbi müdaxilənin neftin qiymətinə təsirinə gəlincə isə ekspert bunu belə şərh edir: "Fəlakət olacaq. Bu, yalnız İrana deyil, bütün regionda neft ixracına təsir edəcək. Bu, uzun müddət neft hasilatında fasilə yaradacaq".


İqtisadçı Vüqar Bayramov isə İrana tətbiq olunan sanksiyaların nəinki neft sahəsinə, ümumiyyətlə dünya iqtisadiyyatına mənfi təsir edəcəyini deyir: "Bu bütün dünya iqtisadiyyatı üçün yeni böhrana səbəb ola bilər. Dünya iqtisadiyyatında real sahəyə zərbə olacaq. Bu da qıtlıq və yeni böhran yarada bilər".


Ekspertlər İranın neft sektoruna tətbiq olunan sanksiyaların Azərbaycana da təsirsiz ötüşməyəcəyini deyirlər. Amma bu təsir heç də bədbin deyil. "İrana tətbiq olunan embarqo qərb şirkətlərinin Azərbaycana olan marağını artıracaq. Bu, bizə yaxşı təsir edəcək",- deyə İlham Şaban vurğulayır.


İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst də İranın neft sektoruna tətbiq olunan sanksiyaların dünyada "qara qızıl"ın qiymətini 2 dəfəyə qədər artıracağını bəyan etmişdi. Dünyanın neft ehtiyatının 10-15 faizi və ya 130 milyard barreldən çoxu İranın ərazisindədir. İranın ixracının 80%-ni isə neft təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə