Dekabrın 3-də Yeni Azərbaycanın Partiyasının (YAP) Samux rayon təşkilatının VI konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfrans nümayəndələri əvvəlcə Azərbaycan xalqının dahi oğlu, partiyanın qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzüb, hörmət və ehtiramlarını ifadə ediblər. Konfrans Samux rayon icra hakimiyyətinin akt zalında Dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Konfransın işində Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Milli Məclisin sədr müavini, millət vəkili Valeh Ələsgərov, millət vəkili, akademik Asəf Hacıyev iştirak ediblər. Konfransa rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatların, siyasi partiyaların nümayəndələri, sahibkarlar qonaq qismində dəvət olunublar.
Konfransda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov V konfransdan ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən hesabat məruzəsi ilə çıxış edib. Natiq bildirib ki, Samux rayon təşkilatı öz fəaliyyətini ümummilli lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycanın Partiyasının IV Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəldib. YAP Samux rayon təşkilatı ölkə prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun, ümummilli lider Heydər Əliyevin ideyalarına, onun siyasətinə sadiq olaraq, rayonumuzun inkişaf etməsi üçün əlindən gələni etməkdədir. Əvvəlki illərə nisbətən Gənclər Birliyinin, Qadınlar Şurasının işi daha da genişləndirilmiş, rayon təşkilatının ilk təşkilatları ilə əlaqələri möhkəmlənmiş, partiyanın maarifçilik işi gücləndirilib. Bu gün 3636 nəfər YAP üzvü, 53 ilk partiya təşkilatında birləşib. Hesabat məruzəsində qeyd olunub ki, V konfransdan keçən müddət ərzində 1354 nəfər YAP sıralarına qəbul edilib.
Sonra YAP Samux rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Rövşən Qurbanovun hesabat məruzəsi də dinlənilib. Məruzələr ətrafında Qarayeri 1 saylı orta məktəbin "Əməkdar müəllimi" Göyçək Namazova, YAP Samux rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Qarayev, Mərkəzi Rayon Xəstəxanasının həkimi Vidadi İsrafilov, YAP üzvü Günay İsmayılova çıxış ediblər.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, millət vəkilləri Valeh Ələsgərov və Asəf Hacıyev konfrans iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik ediblər.
Sonra natiqlər Yeni Azərbaycan Partiyasının yaranması tarixindən, Azərbaycanın inkişafı və tərəqqisində partiyanın rolundan, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və möhtərəm prezidentimiz YAP-ın sədri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən, bəhs edib, partiyanın qarşısında duran vəzifələr barədə ətraflı məlumat veriblər.
Konfransda təşkilati məsələlərə də baxılıb. YAP Samux rayon təşkilatının 31 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib. Bayramov Gündüz Çankay oğlu yenidən YAP Samux rayon təşkilatının sədri seçilib.
Sonda konfrans nümayəndələri Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul ediblər. Bununla da konfrans öz işini başa çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB