İlham Əliyev Banqladeşin ölkəmizdəki səfiri Zulfiqur Rəhmanın etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Banqladeş Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zulfiqur Rəhmanın etimadnaməsini qəbul edib. SİA-nın xəbərinə görə, Zulfiqur Rəhman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini vurğulayıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirən Prezident İlham Azərbaycan ilə Banqladeş arasında ikitərəfli əlaqələrin bütün sahələrdə genişləndirilməsi üçün səyləri daha da artırmağın zəruriliyini qeyd edib. Dövlətimizin başçısı səfir Zulfiqur Rəhmanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Səfir Zulfiqur Rəhman Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, ölkəsinin Azərbaycanı bütün məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələdə dəstəkləməkdə davam edəcəyini deyib. Zulfiqur Rəhman Azərbaycanın Banqladeşi müxtəlif beynəlxalq forumlarda dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı qəbul olunmuş qətnaməyə və BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı ölkəmizə verdiyi dəstəyə görə Banqladeş hökumətinə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB