Qırğızıstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi olub

Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında bu ölkənin yeni seçilmiş prezdenti Almazbek Atambayevin andiçmə mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə Azərbaycanın Baş naziri Artur Rasizadə iştirak edib. Türkiyə və Gürcüstan prezidentləri Abdullah Gül və Mixiil Saakaşvilinin, Qazaxıstanın və Tacikistanın Baş nazirləri Kərim Məsimov və Akil Akilovun, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin, Belarusun, Türkmənistanın və bir sıra digər dövlətlərin yüksək vəzifəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbirdə Qırğızıstan prezidentiliyini müvəqqəti icra edən Roza Otunbayeva yeni seçilmiş dövlət başçısı Almazbek Atambayevi təbrik etdib, ona fəaliyyətində uğurlar arzulayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tuyqunalı Abraimov Almazbek Atambayevin Qırğızıstan Prezidenti seçilməsi haqqında MSK-nın qərarını oxuyub, dövlət başçısını təbrik edib. MSK-nın sədri deyib ki, Almazbek Atambayev oktyabrın 30-da keçirilən prezident seçkilərində seçicilərin 62,52 faizinin səsini qazanıb. Yeni dövlət başçısı Almazbek Atambayev çıxış edərək, ona etimad göstərdiklərinə görə Qırğızıstanda yaşayan xalqlara minnətdarlığını bildirib: "Allah və xalq qarşısında and içirəm ki, dövlət başçısı kimi mənim üzərimə düşən vəzifələri ədalətlə yerinə yetirəcəyəm. Mən hər bir insanın və vətəndaşın hüquqlarını müdafiə edəcək, demokratik prinsipləri, xalqın birliyi və təhlükəsizliyini qoruyacağam".

Qeyd edək ki, Almazbek Atambayev 1980-ci ildə Moskva İdarəetmə İnstitutunu bitirib, Qırğızıstanda müxtəlif vəzifələrdə işləyib, iki dəfə Baş nazir olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə