Əli Həsənov: “Azərbaycan həmişə İranla dost və qonşuluq münasibəti saxlamağa cəhd göstərib”

Əli Həsənov: “Azərbaycan həmişə İranla dost və qonşuluq münasibəti saxlamağa cəhd göstərib”
Azərbaycan həmişə İranla dost və qonşuluq münasibəti saxlamağa cəhd göstərib, həmin siyasəti bu gün də saxlamağa çalışır. İran da həmişə münasibətləri yaxşı səviyyədə saxlayıb. SİA xəbər verir ki, bunu jurnalistlərə İrana səfəri ərəfəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin dekabrın 2-də İrana səfəri başlayır. Səfər dekabrın 5-də başa çatacaq.

PA rəsmisinin sözlərinə görə, təəssüflər olsun ki, son vaxtlar həm İranda, həm də Azərbaycanda bəzi dairələr bilərəkdən, yaxud bilməyərəkdən iki qonşu ölkə arasındakı münasibətlərə ictimai-siyasi, mətbuat, teleradio, təbliğat müstəvisində xələl gətirə bilən müəyyən tədbirlər həyata keçirirlər. Səfərin əsas məqsədi bütün bunlara son qoymaqdır.

Ə.Həsənov deyib ki, görüşlərdə iki dövlət arasında mövcud informasiya, təbliğat, televiziya yayımları, ictimai institutların ölkədaxili proseslərə münasibətləri, açıqlamalar, ayrı-ayrı bəyanatlar və bunlardan irəli gələn məsələlər müzakirə olunacaq. Azərbaycan və İran arasında informasiya sahəsində əməkdaşlıq, ölkədaxili proseslərin işıqlandırılması, sərhəd boyu televiziya və radio yayımı sahəsində mövcud olan vəziyyət müzakirə ediləcək.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri bildirib ki, səfər İranın müvafiq strukturlarının dəvəti ilə həyata keçirilir: \"Səfər çərçivəsində İranın televiziya, mətbuat, xarici informasiya siyasəti ilə məşğul olan bütün qurumlarının rəhbərləri ilə görüşəcəyik. Burada əsas məqsəd iki ölkə arasında informasiya sahəsində əməkdaşlıq, ölkədaxili proseslərin işıqlandırılması, sərhəd boyu televiziya və radio yayımı sahəsində mövcud olan vəziyyəti və qarşılıqlı ictimai-siyasi əhəmiyyət kəsb edən digər daxili məsələləri müzakirə etmək və gələcək əməkdaşlıqla bağlı müəyyən tövsiyələrimizi verməkdir\".

Bütün xəbərlər Facebook səhifəmizdə