Azərbaycan parlament nümayəndə heyəti Argentina Milli Konqresində görüşlər keçirib

Azərbaycan parlament nümayəndə heyəti Argentina Milli Konqresində görüşlər keçirib

Argentinada səfərdə olan Azərbaycan parlament nümayəndə heyəti Argentina Milli Konqresində görüşlər keçirib. Azərbaycan Respublikasının Argentinadakı Səfirliyindən SİA-ya verilən məlumata əsasən, Argentinada səfərdə olan Azərbaycan millət vəkilləri Mirkazım Kazımov, Asim Mollazadə və Ceyhun Osmanlıdan ibarət olan parlament nümayəndə heyəti Argentina Milli Konqresinin hər iki palatasında görüşlər keçiriblər.

İlk görüş Milli Konqresin Deputatlar Palatasındakı "Xarici əlaqələr və etiqad daimi komissiyası"nın sədri Alfredo Atanasofla keçirilib. Görüşdə habelə, Deputatlar Palatasında Azərbaycanla dostluq qrupun sədri Roberto Mouilleron və deputat Eduardo Amadeo iştirak ediblər.

İkinci görüş isə Senatda "Xarici əlaqələr və etiqad daimi komissiyası"nın sədri Daniel Filmus və Senatda Azərbaycanla Dostluq Qrupunun sədr müavini Maria De Los Angeles Higonet və dostluq qrupun digər üzvləri olan Senatın vitse-prezidenti Roberto Gustavo Basualdo və Senatda "Sənaye və ticarət daimi komissiyası"nın sədri| Arturo Vera ilə keçirilib. Görüşlərdə Azərbaycanının mövcud reallqları, geniş iqtisadi potensialı, regional inkişaf və inteqrasiyadakı liderliyi, ölkəmizin çoxmədəniyyətli ölkə olması, dünyada sivilizasiyalararası dialoqun təşviqindəki rolu, habelə regional təhlükəsizlik, xüsusilə də Ermənistanın Azərbaycana qarşı təcavüzü mövzularında fikir mübadiləsi aparılıb.

Xüsusilə də, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ mövzusuna toxunan argentinalı parlamentarlar Argentinanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi, müvafiq BMT qətnamələrinə əməl edilməsinin vacibliyini vurğulayıb və regionda sülh, təhlükəsizlik və inkişafın təmin olunması üçün münaqişənin tezliklə həllinə ümid etdiklərini bildiriblər.

Habelə, görüşlərdə iştirak etmiş deputat R.Mouilleron və senator A.Vera bu yaxınlarda Azərbaycana səfərləri ilə bağlı xoş təəssüratlarını bölüşərək Azərbaycanın qısa müddət ərzində əldə etdiyi böyük nailiyyətlərdən məmnunluğunu bildirib və bu müsbət təcrübəni Argentinada bölüşdüklərini deyiblər. Görüşdə həmçinin Azərbaycan-Argentina əməkdaşlığı, xüsusilə də parlamentlərarası əlaqələrin prespektivləri, parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin mübadiləsinin davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə