Bu gün Milli Məclisin plenar iclasında 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi ilə bağlı müzakirələr aparılıb. SİA-nın xəbərinə görə, iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, büdcə sənədləri ölkə həyatında müşayiət olunan dinamik inkişafın göstəricisidir: "Cari ilin 9 ayın nəticələri göstərir ki, ilin sonuna qədər ümumi daxili məhsulun artımı əldə ediləcək. Xüsusi qeyd olunmalıdır ki, neft sektoru sabit saxlanmaqla yanaşı iqtisadiyyatın bütün sahələrində 8-9% artım əldə ediləcək. Gələn il ümumi daxili məhsul istehsalının 57 faizdən çoxu qeyri-neft sektorunun payına düşəcək. Bu isə neftdə alınan gəlirlər hesabına qeyri-neft sektorunun inkişafı siyasətinin davam etdirilməsinin bir göstəricisidir. 2012-ci ildə ölkə iqtisadiyyatına 14 milyard manata yaxın sərmayə qoyulacaq. Bu cari illə müqayisədə 10 faiz artım deməkdir. İnvestisiyaların ümumi həcmində daxili sərmayənin payı 70%-dən çox olacaq. Ötən dövrdə olduğu kimi gələn il də əhalinin maddi rifah halının yüksəldilməsi diqqət mərkəzində olacaq. Orta aylıq əmək haqqının 432 manata çatdırılması, yaxud 11,16 faiz artım proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlir və xərclərində kəmiyyət dəyişikliyi baş verib. Belə ki, gəlirlərin 73%-i neft, 23%-i qeyri-neft sektorunun payına düşəcək\".
Büdcə layihəsi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək bildirib ki, qanun layihəsi ətraflı müzakirə olunub: "Müzakirələr prosesində dəyərli fikirlər səsləndirilib. Azərbaycan dövləti nadir dövlətlərdən biridir ki, büdcə siyasətində elə fikirlər irəli sürdü ki, onun gəlirləri dinamik artsın. Bir çox Avropa ölkələrində isə büdcənin azaldılması meylləri güclənir. Azərbaycan dövlətinin büdcəsi son illərdə ölkənin iqtisadiyyatında baş verən pozitiv meyllərin güclənməsini nəzərə almış, eyni zamanda dünya maliyyə bazarında baş vermiş neqativ meylləri də diqqətlə təhlil etmişdir ki, biz həmin neqativ meyllərdən öz mənafelərimizi qoruyaq. Büdcə gəlirlərinin formalaşmasında bir çox amillər var. Mən razılıq hissi ilə qeyd etmək istəyirəm ki, uzun illərdir ki, büdcə gəlirlərinin formalaşmasında, iqtisadiyyatda heç bir problem yaranmır. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi xətti ilə yığılan vergilər bütövlükdə ölkənin dinamik inkişafından xəbər verir. Ümumiyyətlə, dövlət büdcəsi ölkənin iqtisadiyyatının güzgüsüdür".
Maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin göstəriciləri haqqında məruzə ilə çıxış edib və bildirib ki, 2012-ci ilin dövlət və icmal büdcə layihələri hazırlanarkən Azərbaycan prezidenti İlham Əliyevin dövlətin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet inkişaf vəzifələrə uyğun olaraq sosial məsələlərin həllinə, əhalinin maddi rifah halının, məşğulluq səviyyəsinin artırılmasına, ölkəmizin müdafiə potensialının gücləndirilməsinə, onun iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyinin təmin edilməsinə, ölkə yollarının tarazlı inkişafına və ölkə iqtisadiyyatının digər mühüm sahələrinin inkişafına dair qəbul olunmuş məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmiş, büdcədə tələb olunan məbləğdə vəsaitlər nəzərdə tutulub: "2012-ci il dövlət büdcəsi layihəsi tərtibi zamanı orta müddətli dövr, yəni 2012-2015-ci illər üzrə hazırlanan Azərbaycan Respublikasının makroiqtisadi proqnozuna uyğun olaraq 2012-ci ildə ümumi daxili məhsulun 5,7 faizlik, qeyri neft ümumi daxili məhsulunun isə 8,6 faizlik artım surəti əsas götürülmüş, dövlət büdcəsi gəlirlərinin hesablanması üçün bir barel xam neftin satış qiyməti isə 80 ABŞ dolları kimi qəbul olunub".
İqtisadi inkişaf naziri Şahin Mustafayev isə bildirib ki, son illərdə olduğu kimi 2012-ci ildə də iqtisadi artım əsasən qeyri-neft sektorunun hesabına təmin olunmaqla 2012-ci ildə 8,6 faiz, növbəti 3 ildə isə orta hesabla 8 faiz təşkil edəcəyi gözlənilir: "Bu isə ölkə iqtisadiyyatını diversifikasiyasına, qeyri-neft sektorunun dinamik inkişafına yönəldilmiş siyasətin məntiqi nəticəsidir. Ümumi daxili məhsulun istehsalında özəl sektorun payı artaraq 2015-ci ildə 86,8 faizə çatacaq. 2011-ci ilin ilk 6 ayı ərzində ölkədə 60-dan çox müəssisə, o cümlədən 20-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilib. Hazırda regionlarda 200-dən çox müəssisə, o cümlədən 70-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir. Sahibkarlığa kömək milli fondu tərəfindən maliyyələşdirilən 75 istehsal-emal müəssisələrinin istifadəyə verilməsi gözlənilir".
Hesablama Palatasının sədri Heydər Əsədov büdcə layihəsi üzrə parlamentdə keçirilən müzakirələr zamanı qeyd edib ki, təmsil etdiyi qurum ölkənin 2012-ci il dövlət büdcənin layihəsinə müsbət rəy verib və rəylər Milli Məclisə təqdim olunub: "Büdcə kəsiri ilbəil azalır, real sektorda, bank sektorunda sabitliyi qorumaq hesabına büdcə kəsirinin saxlanılması məqbul hesab edilə bilər. İlk dəfədir ki, Milli Məclisə növbəti il və sonrakı 3 il üçün layihələr ayrılıqda təqdim olunur. Ehtiyat fondlarının həcminin artırılması doğru addımdır. Belə bir dövrdə, dünya iqtisadiyyatındakı problemlərin həllinə dair vahid konsepsiya yoxdur. Palata ehtiyat fondlarının artırılmasını doğru hesab edir".
İclasda həmçinin baş nazir Artur Rasizadə və digər hökumət üzvləri də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB