Əli Əhmədov: “YAP yeni Azərbaycanı yaratmaqdan ötrü yaradılıb” - MÜNASİBƏT

Yeni Azərbaycan Partiyası (YAP) meydana gəlməsi ilə Azərbaycanda yeni həyatın başlanğıcının sanki bir müjdə xəbər verən oldu. YAP yarandığı gündən özünün qarşısına qoyduğu vəzifələri tamamilə yerinə yetirib.

Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov YAP-ın yaranmasının 19-cu ildönümü ilə bağlı açıqlamasında deyib: "YAP yarandıqdan altı ay keçməmiş hakim partiyaya çevrildi. Partiyanın sədri, ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbəri oldu. Azərbaycanı didib-parçalayan, xalqı narahat edən hərcmərclik, dərəbəylik, anarxiya, qeyri-sabitlik tədricən aradan qaldırıldı. Azərbaycan Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli addımları sayəsində sabit bir ölkəyə çevrildi. Əmin-amanlıq təmin edildi, iqtisadi tənəzzülün qarşısı alındı, insanlar gələcəyə nikbinliklə ümidlə baxmağa başladılar. Azərbaycan qonşu dövlətlərlə normal münasibətlərini bərpa etdi, dünya birliyində özünün layiqli yerini tutdu".

Əli Əhmədov açıqlamasında daha sonra bildirib ki, YAP yarandıqan sonra yenilikləri, yeni ideyaları, çağırışları özündə ehtiva edən bir təşkilat olub. "YAP yeni Azərbaycanı yaratmaqdan ötrü yaradılıb. Bizim partiyanın çoxşaxəli fəaliyyətinin çox vacib və əhəmiyyətli istiqamətlərindən biri də beynəlxalq əlaqələrdir", - deyə partiyanın sədr müavini sözlərinə əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə