Riçard Morninqstar: “Azərbaycan “Cənub dəhlizi” layihəsinə sadiq qalacaq\"
ABŞ və Azərbaycan bütün enerji məsələlərində razılıq əldə ediblər. SİA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Avrasiya və enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar deyib.
"Azərbaycan və ABŞ "Cənub dəhlizi" layihəsilə bağlı ortaq maraqlara malikdir. ABŞ "Transxəzər" layihəsini də dəstəkləyir. Əgər Avropa Birliyi ilə Türkmənistan "Transxəzər" layihəsi barədə razılığa gələ bilsələr, bu ABŞ-ı sevindirəcək. Lakin, hazırda bu istiqamətdə danışıqlar aparılır", - deyə xüsusi nümayəndə deyib.
R.Morninqstar Azərbaycana səfəri çərçivəsində hökumət və enerji şirkətləri nümayəndələri ilə görüşdüyünü bildirib. O, prezident İlham Əliyev ilə də uğurlu görüşlər keçirdiyini söyləyib: "Prezident İlham Əliyevlə apardığım müzakirələr müsbət olub. Görüş zamanı biz bu yaxınlarda Azərbaycan və Türkiyə arasında enerji sahəsində imzalanan sazişlə bağlı müzakirələr aparmışıq. Mən Azərbaycan prezidentini bu hadisə münasibətilə təbrik etmişəm. Bundan əlavə biz "Cənub dəhlizi" layihəsi çərçivəsində müxtəlif uğurlu işlərin aparılmasının mümkünlüyünü müzakirə etmişik. Hər birimiz vurğuladıq ki, Azərbaycan "Cənub dəhlizi" layihəsinə sadiq qalacaq".
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Avrasiya və enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın Azərbaycana səfəri bu gün başa çatıb. O, bu gün axşam Bakıdan Türkiyəyə səfərə yola düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB