Oqtay Əsədov: "Qarabağ münaqişəsi Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasına ciddi maneə törədir"
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Bolqarıstan prezidenti Georgi Pırvanovla görüşüb. Görüşdə O.Əsədov deyib ki, Azərbaycan Avroatlantik strukturlara inteqrasiya edir, lakin Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə törədir.
Spiker bildirib ki, təcavüzkar Ermənistan problemin həlli ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymur. "Azərbaycanın inkişaf dinamikası Ermənistandan qat-qat yüksəkdir. Amma biz bütün bunlara baxmayaraq, problemin sülh yolu ilə ədalətli həllinə tərəfdarıq. Ümidvarıq ki, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli istiqamətində dost ölkələr səylərini artıracaqlar", - deyə O.Əsədov vurğulayıb.
Görüşdə O.Əsədov qeyd edib ki, Azərbaycan-Bolqarıstan əlaqələrinin dərin kökləri var: "Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. İmzalanmış dövlətlərarası və hökumətlərarası sənədlər əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradır. Bu səfər çərçivəsində imzalanmış sənədlər həmin bazanı daha da möhkəmləndirib".
Görüşdə Georgi Pırvanov deyib ki, Azərbaycana hər gəlişində böyük və sürətli inkişafın şahidi olur. Bolqarıstan prezidenti vurğulayıb ki, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının rolu böyükdür. G.Pırvanov Dağlıq Qarabağ münaqişəsinin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bir daha vurğulayıb, problemin həlli ilə bağlı rəsmi Sofiyanın mövqeyinin dəyişməyəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB