Vüqar Rəhimzadə: “\"Xural\"ın əsas iş prinsipi hədə-qorxu, reketçilik, şantaj və insanları alçaltmaq idi” - MÜNASİBƏT

Vüqar Rəhimzadə: “\"Xural\"ın əsas iş prinsipi hədə-qorxu, reketçilik, şantaj və insanları alçaltmaq idi” - MÜNASİBƏT

"Xural" qəzeti fəaliyyəti dövrundə müntəzəm olaraq peşə-davranış qaydalarına daim zidd fəaliyyət göstərib. "Xural"ın əsas iş prinsipi hədə-qorxu, reketçilik, şantaj və insanları alçaltmaq metodu idi. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın reketçiliklə mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə münasibət bildirərkən deyib: \""Xural" qəzeti sağlam mühitdə fəaliyyət göstərən mətbuat orqanlarına aid olmayan bir mətbuatdır. Bununla bağlı dəfələrlə baş redaktorun özünün iştirakı ilə Mətbuat Şurasında, Şikayətlər komissiyasında müzakirələr aparılıb".

Vüqar Rəhimzadə bildirib ki, "Xural" qəzetinin \"qara siyahı\"ya salınması məsələsində 6 şikayət ərizəsi əsas rol oynamışdı ki, həmin şikayətlər də əsaslı idi: "Həmin şikayətdən biri Lənkəran Dövlət Universitetinin bir dosenti haqqında yazılan təhqiramiz və ibrətamiz yazılar idi. Çox təəssüflər olsun ki, həmin yazılar "Xural" qəzetinin səhifələrində dərc olunmuşdu. O, bu yazı ilə tək dosenti, tələbə və müəllim heyətini deyil, bütün Azərbaycan cəmiyyətini təhqir edib", - deyə komissiya sədri sözlərinə əlavə edib. Onun sözlərinə görə, "Xural" qəzetinin \"qara siyahı\"ya düşməsinə baxmayaraq o yenə də həmin fəaliyyətini davam etdirib.

Xatırladaq ki, "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində \"Xural\" qəzetinin təsisçisi və baş redaktoru Zeynalov Əvəz Tapdıq oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanmışdır. İstintaqla müəyyən edilib ki, Əvəz Zeynalov Əhmədova Gülər Mikayıl qızı barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10.0 min manat pulu rüşvət kimi istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə