Milli parkın ərazisinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Gələn ilin mart ayına qədər parkın ərazisi Əl Oyunları Sarayından Dövlət Bayrağı meydanı istiqamətində 2 km genişləndiriləcək. Hazırda parkın bərkidilmə işləri aparılır. Beton plitələr döşənir, sahil boyu uzadılacaq sahə təmizlənir. Ayın sonuna kimi bu işlər yekunlaşdırılacaq, daha sonra isə yaşıllaşdırma işlərinə start veriləcək. Ərazidə xaricdən gətirilmiş ağacların əkilməsi planlaşdırılır.
Bu barədə məlumatı SİA-ya Dənizkənarı Bulvar İdarəsinin rəisi Nazim Məcidov verdi. N. Məcidovdan "Eurovizion 2012" beynəlxalq musiqi yarışmasına kimi parkda hansı tədbirlərin həyata keçirilməsi barədə məlumat aldıq: "Ümumiyyətlə bulvar ərazisi Zığ istiqamətinə doğru uzadılacaq. İlkin mərhələdə isə dənizkənarı bulvar "Dalğa" biznes mərkəzindən Dövlət Bayrağı meydanına qədər genişləndiriləcək. Bunun reallaşması üçün həmin ərazidə sahil boyu yerləşən obyektlər sökülür. "Dalga Plaza"dan Bayıl bazarına qədər yeni avtomobil yolu çəkiləcək. Bulvarın 3,7 km-dən 5,5-6 km-ə kimi uzadılması nəzərdə tutulur. "Eurovision-2012" mahnı müsabiqəsinə kimi bulvar yeni görünüşdə təhvil veriləcək. Parkdakı estakadanın 100 metr uzadılması planlaşdırılıb. Belə ki, estakadanın uzunluğu 450 metrdən 550 metrə çatdırılacaq".
O, dənizin ortasında 8 guşəli ulduz formasında dərin estakadaların da tikiləcəyini dedi: "Ulduzun 7 çıxışının uzunluğu 40 metr olacaq. Mərkəzində isə hələlik adını müəyyənləşdirməyimiz restoran tikiləcək".
N. Məcidov Milli parkın ərazisində yerləşən "Sadko" restoranının təmirinin başa çatdırılacağını, "Venesiya" adı ilə tanınan hissədə də işlərin yekunlaşdırılması nəzərdə tutulduğunu deyib. Uzun müddətdir təmir olunan "Venesiya" tamamilə yeni görkəm alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB