Aydın Mirzəzadə: “Xarici qüvvələrin bizim daxili işlərimizə qarışması cəhdləri heç vaxt baş tuta bilməz” - AÇIQLAMA

Aydın Mirzəzadə: “Xarici qüvvələrin bizim daxili işlərimizə qarışması cəhdləri heç vaxt baş tuta bilməz” - AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində guya oktyabrın 14-də Ədliyyə Nazirliyinin binası qarşısında özünü Azərbaycan İslam Partiyası adlandıran qurumun üzvlərinin və təəssübkeşlərinin etiraz aksiyası keçirməsi, polisin aksiyanı dağıtması və bu zaman 200-250 nəfər "islamçı"nın saxlanılması barədə məlumatlar yayılıb. SİA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün yaydığı məlumatda oktyabrın 14-də Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyasının keçirilməsi və xeyli şəxsin polis tərəfindən saxlanması barədə məlumatları təkzib edib. Məlumatda bildirilir ki, qəsdən yayılan bu məlumatlar həqiqətdən uzaqdır. Belə ki, həmin tarixdə Ədliyyə Nazirliyinin binası qarşısında hər hansı aksiya keçirilməyib və polis tərəfindən də heç kim saxlanılmayıb".

Məsələyə aydınlıq gətirmək üçün politoloq, millət vəkili Aydın Mirzəzadənin fikirlərini aldıq. O bildirib ki, əslində dezinformasiya xarakterli məlumatların yayılması və digər bu sayaq hallar qanun pozuntusu kimi qiymətləndirilməlidir. Təəssüflər olsun ki, qonşu İranın müəyyən siyasi dairələri Azərbaycanda islam dinini siyasiləşdirərək, siyasi təşkilat yaratmaq istəyi ilə Azərbaycanın daxili işlərinə qarışırlar: "Azərbaycan cəmiyyəti buna yol verə bilməz. İranla bizim qonşuluq münasibətimz var. Amma kimlərinsə bizim daxili işlərimizə qarışması cəhdləri heç vaxt baş tuta bilməz. Nəinki İranın, heç bir bir dövlətin vəziyyəti gərginləşdirmək cəhdlərinin baş tutması mümkün deyil. Azərbaycan demokratik ölkədir. Dövlətimiz azad sözün, azad düşüncənin, müstəqil fikrin qarantıdır. Müxtəlif siyasi partiyaların qanun çərçivəsində aksiya keçirmək hüququ var. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da qanunsuz, əsasən stabilliyi pozmağa hesablanmış çıxışların qarşısı qanun çərçivəsində alınır. İranın bəzi dairələri bir neçə nəfəri, kiçik bir qrupu ələ ala bilərlər. Ancaq onların heç bir zaman dayaqı ola bilməz, bundan əlavə, heç bir təsirli siyasi qüvvəyə çevrilə bilməzlər bilməzlər. İranda Azərbaycanın müstəqilliyini istəməyən müəyyən siyasi dairələri belə cəhdlər edirlər. Azərbaycanda özlərinin siyasi rejiminə oxşar siyasi rejim qurmaq istəyənlər bu addımları atırlar. Ancaq ümumən götürdükdə cəmiyyət belə qrupları dəstəkləmir. Bu, bir neçə şəxsdən ibarət ola bilsələr də, kütləvi hala çevrilə bilməzlər".

Ədliyyə Nazirliyindən verilən məlumatda da belə faktların baş verməsi halları təkzib edilib. Nazirliyin açıqlamasında Azərbaycan İslam Partiyası adlandıran qurumun üzvlərinin və təəssübkeşlərinin etiraz aksiyası keçirməsi, polisin aksiyanı dağıtması və bu zaman 200-250 nəfər "islamçı"nın saxlanılması barədə məlumatların yanlış olduğu qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə