Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Sosial jurnalistika və yüksək texnologiyalar” müzakirə olunub - FOTOSESSİYA
Bu gün Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Sosial jurnalistika və yüksək texnologiyalar istiqaməti üzrə" panel iclası keçirilib. SİA-nın xəbərinə görə, paneldə "sosial jurnalistika XXI əsrdə: Hər bir şəxs jurnalist ola bilərmi?", "Qloballaşan dünyada qlobal media və xəbər istehsalında yüksək texnologiyaların inteqrasiya məsələləri" və "Sosial media və siyasət: inteqrasiya və ya butikləşmə" mövzularında müzakirələr aparılıb.
"AzərTac"ın baş direktoru Aslan Aslanov bildirib ki, XXI əsrdə media ənənəsi jurnalistikada peşə karyerası başlarkən adət etdiyimiz jurnalistikadan kəskin fərqlənir. Onun sözlərinə görə, müasir qloballaşma ənənəvi medianı dəyişir: "Yeni media texnologiyalarının müxtəlifliyi, habelə informasiya istehlakçılarının gündəlik peşə fəaliyyətində bu müxtəliflikdən necə istifadə edilməsi məsələləri əsas müzakirə obyektidir. Müasir dünyada sosial şəbəkələr ənənəvi seçkilərlə yanaşı, cəmiyyətin dövlət siyasətinə fəal müdaxiləsini gücləndirməyə, eyni zamanda cəmiyyəti müxtəlif istiqamətdə səfərbər etməyə malikdir"
İTAR-TASS agentliyini baş direktoru Vitali İqnatenko bildirib ki, jurnalistikanın yeni forması olan sosial jurnalistika inkişaf etməkdədir. Onun sözlərinə görə, sosial jurnalistika bir çox sahələrin inkişafına da öz təsirini göstərir, yeni platforma yaradır. Ənənəvi media ilə yeni sosial medianın bir-birindən fərqləndiyini deyən V.İqnatenko vurğulayıb ki, bunları ayırmaq lazımdır. Onun sözlərinə görə, bu istiqmətdə bir sıra ciddi addımlar atılmalıdır: "Sosial şəbəkələr cəmiyyət həyatının bütün səviyyələrinə təsir göstərirlər.Son illər geniş yayılmış sosial jurnalistika cəmiyyətin müxtəlif təbəqələrindən olan adamlar arasında fikir mübadiləsi üçün platforma yaradır\"
YUNESKO-nun baş direktorunun informasiya və kommunikasiya məsələləri üzrə müavini Yanis Karklinsin fikrincə, bu gün informasiya texnologiyaları kommunikasiyalar üçün əvvəllər məlum olmayan yeni vasitələr açır. Onun sözlərinə görə, bu gün dünyada iki milyard adam internetdən istifadə edir, jurnalistika isə ənənəvi kütləvi informasiya vasitəsidir və bu gün ənənəvi jurnalistika ilə kommunikasiyaların yeni formaları arasında balans yaradılması çox vacibdir.
Türkiyənin Anadolu Dövlət İnformasiya Agentliyinin baş direktoru Kamal Öztürk qeyd edib ki, internetin meydana çıxması ilə jurnalistikada yeni dövr başlayıb: "Bu gün mobil telefon vasitəsilə ediləni on il əvvəl peşəkar media strukturları yüksəkkeyfiyyətli avadanlıqları ilə edə bilmirdilər. Bu gün oxucu üçün fotomüxbir, operator yaxud publisist olmaq imkanı yaranıb. KİV-in hazırkı nümayəndələri kimi biz jurnalistikadakı bu köklü dəyişikliyi yaxşı dərk etməli, adamların tələbatlarını düzgün müəyyən etməli və məhz yeni modellərə və tələblərə cavab verən məhsulları inkişaf etdirməliyik. Ənənəvi KİV üçün iki fəaliyyət istiqaməti mövcuddur: informasiya yarışında sosial mediadan istifadə etmək və kütlənin əsas ünsiyyət vasitəsi olmaq".
Tədbirin davamında müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, oktyabrın 10-u Gülüstan sarayında öz işinə başlayan Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclaslardan başqa yeddi paneldə "Multikulturalizm: nailiyyətlər və problemlər", "Dünyanı dəyişdirən müasir texnologiyalar", "Elmlərin konvergensiyası", "Biotexnologiyalar və etika problemləri", "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri", "Sosial jurnalistika və yüksək texnologiyalar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri" mövzularında diskussiyalar aparılır. Forum iştirakçıları müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə edirlər. Bu gün başa çatacaq forumun sonunda Bakı Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB