Rasim Musabəyov: \"Ermənilər elə şərtlər irəli sürürlər ki, bu, münaqişənin həllini demək olar ki, dayandırır\"

Rasim Musabəyov: \"Ermənilər elə şərtlər irəli sürürlər ki, bu, münaqişənin həllini demək olar ki, dayandırır\"

Xorvatiyanın Dubrovnik şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirilib. Assambleyanın sədri Joao Suaresin sədrlik etdiyi iclasda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke çıxışı zamanı bildirib ki, vasitəçi dövlətlər Qafqazda sülhə nail olmaq üçün ən yüksək səviyyədə səylər göstərirlər. Diplomat deyib ki, onlar problemin 3 prinsip əsasında həllini görür: gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ. Həmsədr eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin 6 element əsasında həllinə çalışdıqlarını söyləyib.


Millət vəkili, politooq Rasim Musabəyovun sözlərinə görə, milli maraqlar çərçivəsində bu təklif olunan şərtlər arasında Azərbaycanın o qədər də xoş qarşılamadığı elementlər var: "Bu, kompromisdir. Kompromisdə istəklərə nail olmaq üçün bəzi güzəştlərə getmək lazımdır. Orada birinci olaraq göstərilib ki, işğal olunmuş ərazilər azad olunsun. Müharibəsiz, itkisiz bunlar əldə olunacaqsa, sözsüz ki, bu yaxşı haldır. Düzdür, burada bizim xoşumuza gəlməyən bəzi elementlər var ki, razılaşmağa məcburuq".

Ermənistanın bu elementlərlə razılaşması məsələsinə gəlincə, millət vəkili qeyd edib ki, ermənilər bu şərtlərlə ümumiyyətlə, razılaşmırlar. Ancaq dərk edirlər ki, cılız iradələri ilə buna qarşı duruş gətirə bilməyəcəklər: "Ermənilər ümumiyyətlə, razılaşmaq istəmirlər. Ancaq anlayırlar ki, cılız imkanları ilə həm Azərbaycanın, həm də dünyanın iradəsinin qarşısında duruş gətirə bilməyəcəklər. Onlarda yenə də erməniliklərini ortaya qoyurlar. Bir tərəfdən razılaşırlar, digər tərəfdən elə şərtlər irəli sürürlər ki, bu, prosesi demək olar ki, dayandırır. Bu elementlər içərisində ümumi şəkildə gələcəkdə Dağlıq Qarabağın statusunun xalqın iradəsi ilə müəyyənləşməsi nəzərdə tutulub. Ancaq burada hansı xalqın olması göstərilmir. Burada hər hansı bir müstəqillikdən, ayrılmaqdan söhbət getmir. Ermənilər isə burada bir çox şeylərin dəqiq göstərilməsini, yəni yaxın vaxtda, eyni zamanda Qarabağda yaşayan ermənilərin iradəsi ilə Dağlıq Qarabağın statusunun müəyyənləşməsini istəyirlər. Azərbaycan isə bütün xalqın iradəsi ilə bu məsələ qərar veriləcəyini bildirir. Bir sözlə ermənilər bu cür oyunlarla problemin həllini dalana dirəyiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə