Zabitlərimiz xarici ölkələrdə kurs keçəcəklər

Zabitlərimiz xarici ölkələrdə kurs keçəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin zabitləri bir sıra ölkələrlə və NATO ilə ikitərəfli əməkdaşlıq planları çərçivəsində keçirilən tədbirlərə qatılacaqlar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 2-dən 5-dək İstanbulda Harvard məzunları tərəfindən Qara Dəniz təhlükəsizlik məsələlərinin müzakirəsi, oktyabrın 3-dən 7-dək Almaniyanın Oberamerqau şəhərində NATO Sülhün dəstəklənməsi əməliyyatları üzrə kurs, NATO təlimlərinin planlaşdırılması kursu, oktyabrın 3-dən 14-dək Yunanıstanın Souda şəhərində dəniz təhdidlərinin qarşısının alınması əməliyyatları kursu, oktyabrın 4-dən 12-dək Polşanın Varşava şəhərində NATO-da standartlaşdırma kursu, Azərbaycan-ABŞ iş planına əsasən oktyabrın 5-dən 2012-ci il iyunun 28-dək San-Antonio şəhərində Beynəlxalq hüquq kursu təşkil olunacaq. Əməkdaşlıq çərçivəsində Azərbaycan hərbçiləri ABŞ-ın mühüm enerji-infrastruktur sahələri, texnologiya və imkanları ilə tanış olmaq üçün oktyabrın 10-dan 24-dək Vaşinqton şəhərində səfərdə olacaqlar.

Azərbaycan-Almaniya İkitərəfli əməkdaşlıq proqramına əsasən oktyabrın 5-dən 2012-ci il martın 31-dək Hürt şəhərində Motoatıcı bölük komandiri kursu, Mühəndis-istehkam bölük komandiri kursu, Həkimləri təkmilləşdirmə kursu, Azərbaycan-Litva İkitərəfli əməkdaşlıq planına əsasən oktyabrın 11-dən 20-dək Kaunas şəhərində Tibb zabitləri üçün təməl kursu keçiriləcək.

Azərbaycan hərbçiləri, həmçinin oktyabrın 5-dən 7-dək Belçikanın Mons şəhərində "NATO Maliyyə büdcəsinin idarə olunması" kursunda, oktyabrın 10-dan 14-dək Türkiyənin Ankara şəhərində "Terrorizm və Kütləvi İnformasiya Vasitələri kursu"nda, oktyabrın 10-dan 21-dək Macarıstanın Budapeşt şəhərində Müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya kursunda, oktyabrın 12-dən noyabrın 9-dək Hollandiyanın Delft şəhərində Beynəlxalq qərargah zabitlərinin tanışlıq kursunda (İSOOC-2011) iştirak edəcəklər.

Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən oktyabrın 3-dən 7-dək Bakıda Azərbaycan hərbçiləri üçün "maddi-texniki təminat" mövzusunda təlim kursu reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə