II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir- FOTOSESSİYA

Bu gün Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə 100-dən çox yerli, 20-dən çox xarici çap-poliqrafiya müəssisəsi və kitabxanalar iştirak edib.

Mərasimi giriş sözü ilə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev açıb. Hər kəsi bu kitab bayramı münasibətilə təbrik edən E. Əfəndiyev sərgi-yarmarkanın artıq bir ənənə halı aldığını deyib. Baş nazirin müavini deyib ki, yarmarkada sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü durumu ilə tanış olmaq mümkündür. Xalq yazıçısı çıxışında son illər milli və dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə nəşr olunmasının da əhəmiyyətini vurğulayıb.


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 3 gün davam edəcək sərgi-yarmarka çərçivəsində kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və müzakirələr keçiriləcəyini bildirib. Onun sözlərinə görə, 25 ölkəni əhatə edən tədbirdə 121 Azərbaycan, 135 beynəlxalq nəşriyyatın kitabları təqdim olunur. Nazir bu cür tədbirlərin regionlarda da təşkilinin planlaşdırıldığını qeyd edib.


Ə. Qarayev onu da deyib ki, Azərbaycan bir il ərzində 20 beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunub. Kitablarımız birinci, ikinci, üçüncü mükafatla yanaşı, "Qran-pri"yə də layiq görülüb.

Rəsmi açılış mərasiminin ardınca sərginin proqramına daxil edilən tədbirlərə start verilib. Buraya kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və daxildir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan Sərgi-Yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdirilib.

Sərgi çərçivəsində Prezident İlham Əliyevin Sərəncamı ilə təmir edilən mədəniyyət ocaqlarına aid "Heydər Əliyev Sarayı", "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı", "Azərbaycan Dövlət Kukla Teatrı", "Azərbaycan Dövlət Film Fondu", "Azərbaycan Dövlət Rus Dram Teatrı" kitablarının, digər bir sərəncama əsasən işıq üzü görən 150 cildlik "Dünya ədəbiyyatı" seriyasından nəşri başa çatan kitabların, Timuçin Əfəndiyevin "Mədəniyyətdə tarixilik və müasirlik" kitabının təqdimat mərasimləri baş tutub.

Bununla yanaşı, "Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı" mövzusunda simpozium, "20 ilin ədəbi mənzərəsi" – Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunan dəyirmi masa, Taras Şevçenko və Abdulla Tukaya həsr olunan ədəbi-bədii gecə, "Qızıl Kəlmə" Ədəbi Mükafatı laureatları və Gənc Ədiblər Məktəbinin üzvləri ilə görüşlər keçiriləcək.

Tədbir boyu müvafiq stendlərin qarşısında aşıqlar, simli kvartet və milli musiqi alətlərinin ifaçıları çıxış ediblər.

Sərgi üç gün davam edəcək və sentyabrın 30-da başa çatacaq. Həmin gün Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyat və ən yaxşı kitab mükafatlandırılacaq.

Məlumat üçün bildirək ki, açılış mərasimindən öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə