Sentyabrın 15-i Bakının
işğaldan azad olunduğu günüdür.
93
il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi
Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik
işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm
də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son
qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan
tarixinin ən şərəfli səhifələrindən biridir.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq,
ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı
altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin
idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin
isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə
özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini
Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə
etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan
Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə
yerinə yetirdi. Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla
başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə
qardaş töhfələrini verdi, Azərbaycan xalqını darda qoymadı.
Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların
azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin
bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni
daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə
həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Məlum olduğu
kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin
əsas məğzi xalqımızı cismən məhv etmək və \"Böyük Ermənistan\"
xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın
reallaşmasına imkan vermədi.
Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda
dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə
parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.
Bakının azad olunması həm də türklərin humanistliyini bir daha sübut etdi.
Sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxi olan Nuru
paşa Bakıda qalmış rus zabitləri ilə hörmətlə davrandı. O, nəinki Nargində türk
hərbi əsirlərinə göstərilən amansızlığa görə onlardan intiqam almağa çalışdı, hətta
belə bir mürəkkəb vəziyyətdə onların ailəsinə maddi yardım göstərilməsini təmin
etdi.
Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl
bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk
ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət
Filarmoniyasının binasında keçirildi. H. Z. Tağıyev türk ordusunun komandanı
Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma
Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona
görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və
qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet
hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah
olunmasına baxmayaraq Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt
unutmadı, onu qəlbində yaşatdı.
Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda
1130 şəhid verdilər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər
il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda
ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət
səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk əsgərlərinin
xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Aradan uzun illər
keçməsinə baxmayaraq Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç
vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə
xatırlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə