Mübariz Əhmədoğlu: \"Türkiyə hazırda bütün Yaxın Şərq regionunda söz sahibi olmaq istəyir\" - MÜNASİBƏT

Mübariz Əhmədoğlu: \"Türkiyə hazırda bütün Yaxın Şərq regionunda söz sahibi olmaq istəyir\" - MÜNASİBƏT

Hazırda dünya gündəmində duran problemlər içərisində əsas yerlərdən birini İsraillə Türkiyə arasında davam edən gərginlik tutur. İsrailin Türkiyə tərəfinin üzr istəmək və kompensasiya ödəmək tələbindən imtina etməsindən sonra Ankara onunla diplomatik münasibətləri ikinci katiblik dərəcəsinə endirdi. Bundan başqa, İsraillə hərbi anlaşmalar da donduruldu.

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu yaranan vəziyyətlə bağlı SİA-ya açıqlamasında deyib ki, islamçıların Türkiyədə hakimiyyətə gəlməsi ilə rəsmi Ankarının İsrailə qarşı siyasəti fundamental olaraq dəyişdi. Politoloq hesab edir ki, dəyişiklik öncədən mövcud olsada ölkənin iqtisadi və siyasi cəhətdən zəif olması buna imkan vermirdi: "AKP hakimiyyətə gəlməyəndən öncə Türkiyə kifayət qədər zəif, iqtisadi potensialı olmayan bir dövlət idi. İdealoji, sosial zəif olan ölkə iqtisadi baxımdan da öz potensialından qat-qat geri qalırdı. Lakin AKP hakimiyyətə gələndən sonra ölkə qarşısında iki vəzifə durdu. İlkin olaraq ölkənin regional mövqeyi güclənməli. İkinci isə hərbi mövqe daha artırılmalıdır. Çünki Türkiyə NATO-ya üzv olan dövlətlər arasında iki güclü orduya malik idi.

Əgər əvvəl Türkiyə İsrailin müsəlmanların başına açdığı oyuna reaksiya verə bilmirdisə amma artıq bu hal ölkə tərəfindən dözümsüzlük səviyyəsinə çatıb. Bu həmçinin islamçılıq mahiyyətindən də irəli gəlirdi.

ABŞ-la yaxın münasibətlər fonunda güclənən Türkiyə regionda, daha dəqiq Ərəb dünyasında gedən proseslərə diqqət yetirərək özünü mövcud problemlər fonunda regionda gücünü artırmaq niyyətini ortaya qoydu və nüfuzunu gücləndirdi. Ümumi mahiyyət budur ki, Türkiyə görür ki, meydan var, şərait yaranıb və bundan istifadə edərək gücünü artırır. Türkiyə strategləri hesab edirlər ki, yaxın Şərqdə rəsmi Ankarının gücünün artması harada dayana bilər? Kim ölkənin inkişafına maneçilik törədə bilər? Hesablamanın sonunda isə İsrail çıxır.

Ona görə də İsrail tam hədəf seçildi. Bilirsiniz eldə məsəl var, \"iki qoçun başı bir qazanda qaynamaz". Bu misal hazırki durumu daha dolğun əks etdirir".

Politoloq vurğulayıb ki, Türkiyə hazırda bütün Yaxın Şərq regionunda söz sahibi olmaq istəyir. Buna Türkiyə diplomatlarının Ərəb dünyasında son dövrlər ərzində qazandığı nüfuz da müsbət təsir etdi: "Ərdoğan Ərəb xalqları arasında böyük reytinqə malikdir və bu dövlətlər içərisində onunla müqayisə oluna biləcək bir liderdə yoxdur. Ona görə Türkiyə yaranan vəziyyətdən istifadə edib öz mövqeyini gücləndirir. Bu zəmində İsraillə vəziyyətin gərginləşməsi zaman məsələsi idi. Odur ki, rəsmi Ankara siyasi hesablamalarını apardı və gördüki, indi hazırda yaxşı vaxtdır".

Politoloq deyib ki, Suriya hadisələrində tutduğu mövqe də Türkiyəni İran və Suriya tərəfindən ciddi təzyiq obyektinə çevirilib. M.Əhmədoğlu hesab edir ki, Türkiyənin ərazisindəki PKK-nın aktivləşməsi bununla bağlı ola bilər: "Türkiyənin dağılması ilə bağlı fikirlər süni sürətdə yayılır. Suriya və İran Türkiyəyə nisbətən daha tez dağıla bilər. Türkiyənin Suriya və İrana qarşı əlində ən azı iki müstəsna imkanı var: birincisi, rəsmi Ankara kürd siyasətçiləri ilə anlaşıb Suriya və ya İranın ərazisində kürd dövləti yaradılması ideyasını gündəliyə gətirib reallaşdıra bilər; ikincisi, Türkiyə İrana qarşı Azərbaycan faktorundan istifadə edə bilər. Azərbaycan və Türkiyə rəhbərliyinin İrandakı azərbaycanlılara dəstək verməməsi ucbatından İranda belə hərəkat qalxmır. İran isə bundan sui-istifadə edərək Türkiyəyə, eləcə də Azərbaycana qarşı düşmənçilik edir".

Liviyanın keçmiş rəhbəri M.Qəzzafi qaçdıqdan sonra Suriya ərəb dünyasında baş verən hadisələrin episentrinə çevrilib. Politoloqun sözlərinə görə, Suriya problemi həll olunduqdan sonra növbə İrana çatacaq: "ABŞ Suriyanın prezidenti B.Əsədə fərqli münasibət göstərə bilərdi. ABŞ Dövlət Katibi H.Klintonun və prezident B.Obamanın Suriya hadisələrinə münasibətdə verdiyi bəyanatlar belə variantın mövcud olduğundan xəbər verir. ABŞ B.Əsədi məhv etmək əvəzinə İrandan uzaqlaşdırıb özünə tərəf çəkə bilərdi. Bu, ərəb xaosu fonunda ABŞ-ın ərəb liderlərinə yeni mahiyyətli mesajı ola bilərdi".

SİTM sədri iddia edib ki, İranın nüvə texnologiyaları ilə bağlı məsələ həll edilməyəcək və ya həll edilə bilməz; Rusiyanın atdığı addımlar da nəticəsiz qalacaq. RF də daxil olmaqla, beynəlxalq ictimaiyyət İranın idarəçilik prinsiplərini bilmir. Rusiya Təhlükəsizlik Şurasının katibi N.Patruşevin və ya hər-hansı rusiyalı və ya avropalı nazirin öz ölkələrindəki səlahiyyəti İran prezidentinin İrandakı səlahiyyətindən daha çoxdur: "Əhmədinejadın aktiv görünməsinin əsas səbəbi onun ritorikasıdır. İranda hər şeyin sahibi, eləcə də qərar vermək səlahiyyətlisi yalnız dini lider-S.Ə.Xameneyidir. S.Ə.Xameneyinin səlahiyyətini keçmiş Sovet İttifaqı Kommunist Partiyası Baş Katibinin səlahiyyətləri ilə müqayisə etmək olar. Beynəlxalq ictimaiyyət İranın nüvə texnologiyaları ilə bağlı nəticə əldə etmək istəyirlərsə, hökmən danışıqları Ali dini lider S.Ə.Xameneyi ilə aparmalıdırlar. Roma Papası XVI Benediktin, Rus Pravoslav Kilsəsinin başçısı Kirilin imkanlarından istifadə ehtimalları araşdırılmalıdır. Bu prizmadan Azərbaycanla bağlı bir neçə variant hazırlamaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə