ATƏT-in payız sessiyasında Qarabağla bağlı dinləmələrin keçirilməsi baş tuta bilər

ATƏT-in payız sessiyasında Qarabağla bağlı dinləmələrin keçirilməsi baş tuta bilər

ATƏT Parlament Assambleyasının payız sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrin keçirilməsi baş tuta bilər. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova YAP-ın rəsmi saytına açıqlamasında bildirib: "Azərbaycan və erməni parlament nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyi görüşdə ATƏT PA-nın sədri Petros Eftimiu bizə məlumat verdi ki, məsələ üzərində işini davam etdirir və qurumun payız sessiyasında belə dinləmələrin keçirilməsi baş tuta bilər. Əgər hansısa ciddi problem buna mane olacaqsa, məsələ qurumun qış sessiyasında müzakirəyə çıxarılacaq. Biz də çox böyük ümidlə gözləyirik ki, təşkilatın rəhbəri bu müzakirələrin reallaşmasına, həmçinin, münaqişənin ədalətli həllinə çalışacaq"- deyə, o əlavə edib.

Millət vəkili hesab edir ki, təşkil edilən dinləmələr eyni zamanda ATƏT-in nüfuzunu artıracaq: "Bu, təkcə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən tərəf kimi təkcə bizim üçün maraqlı deyil. Bununla, eyni zamanda ATƏT münaqişənin həlli prosesində iştirakını artırmağa çalışır. Əlbəttə ki, belə bir müzakirələrin təşkil edilməsi qurumun nüfuzunu artıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə