Redaktorlar mətbuatın ünvanına səslənən fikirlərə aydınlıq gətiriblər
"Qəzetlərə edilən tənqidi bütün mətbuatın ünvanına şamil etmək olmaz". Bunu SİA-ya açıqlamasında "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Azərbaycan mətbuatının ünvanına səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib. O, şöbə müdirinin çıxışını Azərbaycanda ictimai-siyasi rəyə təsiri olmayan qəzetlər barəsində olduğunu bildirib: "Belə qəzetlər yalançı sosial sifarişlə çıxan, cəmiyyəti dəqiq və qərəzsiz informasiyalarla təmin etmək istəməyən mətbuat orqanlarıdır".
Baş redaktor Əli Həsənovun bəzi fikirlərini təsdiqləyərək həqiqətən də Azərbaycan mətbuatında qeyri-peşəkar insanların olduğunu bildirib. O, medianın təsir gücünün artırılması üçün çox ciddi islahatlara ehtiyac olduğunu söyləyib: "Bu islahatlardan birincisi qəzetlərin yayımının dəyişdirilməsidir. Digər amil isə mətbuatın iqtisadi gücünü artıraraq, reklam bazarının genişlənməsinə şərait yaratmaqdır".
Akif Aşırlı bu cür aspektdən çıxış edərək, mətbuatın o zaman ictimai rəyə təsir etmək gücünə malik olduğunu söyləyib.
"525-ci qəzet"-in baş redaktoru Rəşad Məcid də mətbuatın ünvanına səsləndirilən fikirlərə münasibət bildirib: "Ümumiyyətlə Əli Həsənov 20 ilə yaxındır ki, mətbuatla işləyir və onun problemlərini yaxşı bilir. Biz uzun illər çalışmışıq ki, Azərbaycanda müstəqil media inkişaf etsin, Onun nə dövlətdən, nə də müxalifətdən heç bir asılılığı olmasın".
Baş redaktor Azərbaycanda media bazarının hələ formalaşmadığını, öz yerini tapmadığını bildirib. O, şöbə müdirinin də bu məsələyə xüsusilə toxunduğunu qeyd edib. Rəşad Məcid Azərbaycan mətbuatında kifayət qədər kənar insanların olduğunu da vurğulayıb: "Bizim reket mətbuat həmişə gündəmdə olub. İndi internet medianın coxluğu qəzetlərə marağı üstələyib.
Mən hesab edirəm ki, proses hələ gedir və biz normal medianın olmasını istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB