Artur Rasizadə Ermənistan prezidentinə sərt cavab verib

Artur Rasizadə Ermənistan prezidentinə sərt cavab verib

Azərbaycanın Baş naziri Artur Rasizadə Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistan prezidenti Serj Sarkisyanla mübahisə edib. SİA-nın RİA-Novostiyə istinadən verdiyi xəbərə görə, Azərbaycanın Baş naziri Artur Rasizadə Ermənistan prezidenti Serj Sarkisyanın çıxışına sərt münasibət bildirib: "Hesab edirəm ki, burada əyləşənlərin bir qisminin Dağlıq Qarabağ münaqişəsindən xəbəri var. Deyilənlərin (Sərkisyan çıxışında Dağlıq Qarabağın 20 il bundan əvvəl müstəqilliyini elan etdiyini bildirib. O deyib ki, Dağlıq Qarabağ xalqı öz müqəddəratını təyinetmə hüququndan tam əsasla istifadə edib və özünün müstəqil yaşamaq hüququnu qanı bahasına əldə edib) isə bu problemə heç bir aidiyyatı yoxdur. Bu çıxış Dağlıq Qarabağ probleminin mahiyyətindən xəbərdar olmayanlara yönəlib, ya da daxili siyasətdə istifadə üçün nəzərdə tutulub. Çıxışa diqqətlə qulaq asanda fikirləşdim ki, bəlkə elə dövlət başçılarının toplantısında Dağlıq Qarabağın müstəqilliyinə səs verək? Onda ATƏT-in Minsk Qrupu, digər təşəbbüslər nəyə lazımdır? MDB iştirakçısı olan tərəflərdən biri digər ölkəyə təcavüz edir, ərazilərin 20 faizini işğal edir. Bunun nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranıb. Mən bu gün yubiley iştirakçılarının əhval-ruhiyyəsini pozmaq istəməzdim, lakin Ermənistan prezidentinin Dağlıq Qarabağda vəziyyətə dair çıxışı məni buna vadar etdi. Ermənistan prezidentini çıxışı sadəcə olaraq daxili siyasətə yönəlib".

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın qeyri-konstruktiv mövqeyi MDB sammitində bir daha nümayiş olundu: "Azərbaycan bundan sonra da ATƏT-in Minsk qrupunda fəal iştirak edəcək və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində sülh və ədalətli həllini dəstəkləyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə