Azərbaycan XİN: “Almaniyada təxribatın baş tutmaması üçün müvafiq zəruri tədbirlərin görülməsi davam etdirilir”

Azərbaycan XİN: “Almaniyada təxribatın baş tutmaması üçün müvafiq zəruri tədbirlərin görülməsi davam etdirilir”

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi Almaniyada 16-22 sentyabr 2011-ci il tarixlərində keçirilməsi planlaşdırılan Ermənistan mədəniyyət günləri çərçivəsində qondarma Dağlıq Qarabağın separatçı rejiminə həsr olunmuş konsertin təşkil olunmasının qarşısının alınması üçün Almaniya Xarici İşlər Nazirliyinə Nota ünvanlayıb. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, eyni zamanda, Almaniyada yaşayan həmvətənlərimiz və fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən geniş ictimai etiraz kampaniyası təşkil edilib.

Ştutqart şəhərinin Birinci Merinin ünvanına Azərbaycan Respublikasının Ştutqartdakı Fəxri Konsulluğu vasitəsilə müvafiq etiraz və izahedici məktub göndərilərək bu təxribatın qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi xahiş edilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının Fəxri Konsulu Ştutqart şəhərinin Birinci Meri ilə görüş keçirib. Görüş zamanı Ermənistan tərəfindən "Ermənistan mədəniyyət günləri – Ştutqart 2011" tədbirinin keçirilməsindən sui-istifadə edərək, işğal olunmuş Azərbaycan torpaqlarında mövcud olan separatçı rejimin siyasi təbliğatının həyata keçirilməsinə yönəlmiş bu tədbirin keçirilməsinin yolverilməz olduğu bildirilib və bu təxribatın qarşısının alınması çağırışı edilib.

XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bildirib ki, sözügedən təxribatın baş tutmaması üçün müvafiq zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə