Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşü zahiri xarakter daşıyır. Bu sözləri SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, görüş getdikcə sosial bazanın itirilməsi reallığı ilə üz-üzə dayanan və hər iki partiyanın özünü qorumaq məqsədi daşıyan taktiki gedişdir: "Hər şeydən öncə bəllidir ki, KXCP Müsavatla mehriban düşməndır. Onlar bu gün ictimai palata deyilən qurumun çətiri altında fəaliyyət göstərsələrdə bu cinhada birincilik uğrunda ölüm-dirim mübarizəsini davam etdirməkdədirlər", - deyə o, əlavə edib.
Eyni zamanda müxalifətin birləşməsi kimi bəyanatlar da dekorativ forma daşıyır. Partiya sədri hesab edir ki, səslənən bəyanatın arxasında mahiyyət etibarı ilə iflasa düçar olan partiyaların özlərini sığorta etməsi durur: "Beləliklə, guya müxalifətin bu cinahında inkişafın getməsi vacibliyini etiraf etmək və hətta bu yolda atdıqları addımı göstərməklə çox məhdud sayda olan sosial bazalarını qoruyub saxlamaq məqsədi güdür".
"Müxalifətin birləşməsi mümkündürmü?", - sualına cavabında millət vəkili: "Birmənalı şəkildə xeyr. Çünki, onların birinin digərinə qarşı çox dərin və görünməmiş kinli niyyətləri var", - deyə bildirib.
Qeyd edək ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Müsavat Partiyasının qərargahında görüşüb. Görüşün keçirilməsində məqsəd müxalifətin birləşməsi məsələsini müzakirə etmək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB