Batumidə müstəqilliyimizin bərpasının ildönümünə həsr olunmuş konfrans keçiriləcək
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə avqustun 28-29-da Gürcüstanın Batumi şəhərində "Azərbaycan müstəqilliyinin bərpasının 20-ci ilində" mövzusunda konfrans və "Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" "dəyirmi masa" keçiriləcək. Komitədən AzərTAc-a bildiriblər ki, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının icraçı katibi Nazim İbrahimovun, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun, Milli Məclisin deputatları Musa Qasımlının, Qənirə Paşayevanın, Gülər Əhmədovanın, İqtisadi İnkişaf və Mədəniyyət və Turizm nazirliklərinin nümayəndələrinin, Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Hüseyn Nəcəfovun, ölkəmizin Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadənin, eləcə də Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.
Tədbirə, həmçinin Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Mirza (Papuna) Davitaya, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri xanım Yekaterina Teşelaşvili, Gürcüstanın Ombudsman Aparatının rəhbəri Georgi Tuquşi, Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Kvemo-Kartli qubernatorunun müavini, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekonidze və başqaları dəvət olunublar.
Konfransda Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən 20 il ərzində ölkədə aparılan dövlət quruculuğu, siyasi, iqtisadi, sosial, mədəniyyət və turizm sahəsində həyata keçirilən islahatlara dair məruzələr dinləniləcək.
"Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" "dəyirmi masa"da isə bu inteqrasiyaya nail olmaq üçün ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərinə, Gürcüstanda azərbaycanlı icmasının yerinə, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının regionda sülhün, təhlükəsizliyin və iqtisadi tərəqqinin vacib şərti olmasına və s. məsələlərə dair çıxışlar səslənəcək, müzakirələr aparılacaq.
İkigünlük konfrans və "dəyirmi masa" çərçivəsində "Müstəqilliyimiz əbədidir", "Bir səfərin təəssüratı, yaxud sizi deyib gəlmişdik", "Gücümüz birliyimizdədir" sənədli filmlərinin nümayişi, mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB