Abid Şərifov sürüşmənin baş vermə səbəblərini açıqlayıb - HADİSƏ
\"Bayılda hadisənin baş verdiyi ərazinin sürüşmə zonası olduğu hamıya bəllidir\". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında sürüşmə zonasında jurnalistlərə verdiyi açıqlamada baş nazirin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov bildirib.
Abid Şərifov deyib ki, bu dəfə Bayıl yamacında sürüşmənin baş verməsi yağıntıların daha çox düşməsi ilə əlaqədardır. Onun sözlərinə görə, yamacın aşağısında aparılan tikintilərin sürüşmədə hər hansı rolu yoxdur: "Çünki tikinti gedən zonalarda bərkitmə işləri tam qaydasında görülür".
Baş nazirin müavini qeyd edib ki, aidiyyəti qurumların bura gəlişinin məqsədi sürüşmə təhlükəsinin qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilməsidir və bununla bağlı tapşırıqlar verilib.
Baş nazirin müavini deyib ki, ərazidə çatlar əmələ gələn yerlər gillə doldurulacaq, bərkitmə və izolyasiya işləri aparılacaq: "Bunlar olmalıdır ki, sürüşmə olan hissəyə çox su düşməsin. Bu iş yüz metrlərlə ərazini əhatə edəcək. Ərazidə olan beton su kanallarının sayını artıracağıq ki, çat verən dərinliklərin sürüşməsinin qarşısını alaq. Sürüşmə zonasına suyun axıntılarla çatması ən qorxulu proses yaradır. Bu ərazidə yuxarı hissədə evlərin həyətlərində bostanlar var. Əhali bostanda suvarma işləri aparır. Bunun qarşısını alacağıq. Sözsüz ki, sürüşmə ərazisinin aşağı hissəsində yol tikintisi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək".
A.Şərifov onu da vurğulayıb ki, ərazidə baş verən hadisə ilə bağlı aparılan ekspertizanın nəticələri iki-üç gün ərzində açıqlanacaq: "Bundan sonra biz öz tədbirlərimizi davam etdirəcəyik".
Hadisə yerində olan \"Azəryolservis\" prezidenti Cavid Qurbanov həmçinin vurğulayıb ki, sürüşmənin aradan qaldırılması üçün lazım olan tədbirlər həyata keçiriləcək və bunun üçün əməkdaşlarımız əlindən gələni edəcəklər.
Qeyd edək ki, Cənub dərəsi-Azər Nəsibov küçəsi istiqamətindən "Neftçilər" prospektinə doğru sürüşmə baş verib. Nəticədə Bayıl yamacının bu hissəsində dərin çatlar yaranıb.
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB