Mübariz Əhmədoğlu: “Kifayət qədər ciddi əsas var idi ki, münaqişənin həllində format dəyişilsin”

Mübariz Əhmədoğlu: “Kifayət qədər ciddi əsas var idi ki, münaqişənin həllində format dəyişilsin”

Prezidentlərin üçlü formatda keçirilən görüşləri nəticə vermədiyinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ikili formata keçdi. SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev arasında Soçidə keçirilən görüşün nəticəsinə münasibət bildirərkən deyib: " Kifayət qədər ciddi əsas var idi ki, münaqişənin həllində format dəyişilsin. İndi Medvedyev də bu yolu gedir və formatı dəyişib. Mən bu gün Rusiya mətbuatında yayılan məlumatları nisbətən obyektivliyə yaxınlaşma kimi dəyərləndirirəm. İndi görək, Rusiya liderinin gətirdiyi yeni model münaqişənin həllinə necə təsir göstərəcək? O, yeni stimul vermək istəyir".

Ploitoloq hesab edir ki, yeni formatın münaqişənin nizamlanmasına təsiri Rusiya Azərbaycan münasibətlərindən asılı deyil. Belə ki, söhbət rəsmi Moskvanın istəyindən asılıdır: "Dağlıq Qarabağ münaqişəsinin həllində problemlər yaradan və Rusiyanın nüfuzuna ciddi zərbə vuran da Ermənistandır. İndi əsas məsələ Rusiya- Ermənistan münasibətlərindədir. Rusiya əgər doğurdan da Ermənistana deyəcəksə ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır, onda münaqişə öz həllini tapacaq. Təbii ki, Azərbaycan da belə məqamları diqqətdə saxlayır və görür".

Politoloq həmçinin hesab edir ki, rəsmi Moskva mühüm regional oyunçuya çevrilən, Rusiyanın əməkdaşlıq sahələrinin əksəriyyətində bağlı olduğu Azərbaycanla münasibətləri paralel şəkildə inkişaf etdirmək və fəallaşdırmaq istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə