Aydın Mirzəzadə: “Payız aylarından başlayaraq artıq problemin həllinin baza prinsipləri üzərində işləmək mümkün ola bilər”-MÜSAHİBƏ

Aydın Mirzəzadə: “Payız aylarından başlayaraq artıq problemin həllinin baza prinsipləri üzərində işləmək mümkün ola bilər”-MÜSAHİBƏ

Politoloq Aydın Mirzəzadənin SİA-ya müsahibəsi:

- Azərbaycan prezidenti İlham Əliyevin Soçidə keçirilən görüşündə Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq. Sizcə, aparılacaq müzakirələr Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi yardımçı olacaq?

- Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə Rusiyanın Soçi şəhərinə səfər edib. Bu səfər növbədənkənar səfərdir. Müəyyən qayda olaraq dövlətlər arasında müəyyən müddətdən bir səfərlər təşkil edilir. Azərbaycan prezidentinin xüsusi dəvət edilməsi iki dövlətin müəyyən məsələlərin müzakirəsində ciddi ehtiyacından irəli gəlir. Artıq mətbuatda bildirilib ki, bu görüş 3 sahəni əhatə edəcək. Bunlar Rusiya-Azərbaycan arasında ikitərəfli məsələlərin müzakirəsi, Xəzərin hüquqi statusunun iki dövlət arasında müzakirə edilərək sonradan öz təkliflərini digər 3 dövlətə təqdim edilməsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son vəziyyətdir. Əlbəttə, hər bir sahə bu gün Azərbaycan üçün kifayət qədər maraqlıdır. Rusiya nüfuzlu, qüdrətli və dünya siyasətində yeri olan şimal qonşumuzdur. Onunla münasibətlər Azərbaycan üçün çox vacibdir. Xəzərin hüquqi statusu məsələsi Azərbaycan, Rusiya, Qazaxıstan arasında həll edilib, Türkmənistanla İran arasında isə münasibətlər davam edir. Fikir mübadiləsində regionda stabilliyin yaradılması mühüm rol oynayır.

Diqqətimizi cəlb edən və Azərbaycan üçün həyatı əhəmiyyətli məsələ Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir. Rusiya prezidenti Dmitri Medvedyev 2008-ci ildə prezident seçildikdən sonra onun təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri 3 il ərzində təxminən 8 dəfə görüşüblər. Bu görüşlərdə həm xarici, həm də Azərbaycan analitiklərinin fikrincə, Dağlıq Qarabağ məsələsinin həllini müəyyən qədər irəlilətmək, ümumi razılığa gəlinən məsələləri bir nəticəyə gətirmək mümkün olub. Həmçinin, nəzərə alsaq ki, 2 il bundan öncə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz baxışlarını əks etdirən sənəd imzalayıblar. Bu, Dağlıq Qarabağ münaqişəsinin həllini artıq çox aktuallaşdırır. Azərbaycan üçün bu həyati məsələdir. Ermənistan üçün isə bu, qalıb-qalmamaq məsələsidir. Çünki işğalı davam edərsə, bu proses Ermənistanın bir dövlət kimi məhv olmasına gətirib çıxarır. Çünki hər il yüz minlərlə vətəndaş ölkəni tərk edir və bunun nəticəsində 10 ildən sonra Ermənistan vətəndaşsız bir əraziyə çevrilə bilər. Rusiya üçün bu əhəmiyyətlidir, çünki onun cənub sərhədləri, maraqlarının bir nöqtəyə toplandığı yerdir. Ona görə də Rusiya problemin həllində maraqlıdır. Ancaq bilmək lazımdır ki, Azərbaycan problemin istənilən halda həllinə razı deyil. Ancaq bir halda, ərazi bütövlüyünün təminatı nəticəsində Azərbaycan problemin həllində maraqlıdır. İyunun 25-i Kazan şəhərində keçirilən görüşdən sonra artıq problemin həllində sakit bir dövr başlayıb. Yəni, Kazan görüşünə böyük ümidlər vardı, amma təəssüf ki, o ümidlər özünü doğrultmadı. Eyni zamanda, problemin həlli üçün müəyyən görüntülər var. Medvedev özünün yeni təkliflərini xarici işlər naziri Sergey Lavrov vasitəsilə Azərbaycan və Ermənistan prezidentlərinə çatdırıb. Bugünki görüşdə də şübhəsiz ki, bu məsələlər müzakirə ediləcək. Mümkündür ki, bugünki görüşün nəticəsindən asılı olaraq Medvedyevin özünün iştirakı ilə yeni bir Azərbaycan-Ermənistan prezidentlərinin görüşü təşkil edilsin, orada müəyyən nəticələr əldə olunarsa və Rusiya Ermənistanla müəyyən məsələləri razılaşarsa, qısa bir müddət prezidentlərin, xairici işlər nazirlərinin görüşü keçirilsin, payız aylarından başlayaraq artıq problemin həllinin baza prinsiplərinin üzərində işləmək mümkün olsun. Bu unikal bir şansdır. Burada çox şey Rusiyanın vasitəçiliyində nə qədər uzağa getməsindən, özünün yaxın müttəfiqi olan Ermənistanı bu məsələyə razı salmasından və Ermənistanın siyasi elitasının məsələni uzadacağı halda bunun Ermənistan üçün nə qədər fəlakət törədəcəyinin fərqinə varmasındadır.

- Rusiya mətbuatının yazdığına görə, Dmitri Medvedyev Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyir və bunu Azərbaycan, Ermənistan prezidentlərinə göndərdiyi məktubda təsdiqləyir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Bir tərəfdən Rusiya bu məsələlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Ancaq təəssüf ki, Rusiya bu bəyanatdan o tərəfə getmir. O heç vaxt açıq şəkildə bəyan etmir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib, qoşunların Azərbaycan ərazisindən qeyri-şərtsiz çıxarılmasını tələb etmir, separatizmə yol verilməz olduğunu bəyan etmir. Yəni, ərazi bütövlüyünün dəstəklənməsi bəyanatdan o tərəfə getmir. Bu baxımdan biz Rusiyadan daha fəal, prinsipal və daha konkret mövqe gözləyirik.

- Bəzi politoloqların gəldiyi nikbin fikirlərə görə, sentyabrda Azərbaycan-Ermənistan arasında yol xəritəsi imzalana bilər. Bu nə dərəcədə real görünür?

- Bu mümkündür, yəni tərəflər o cümlədən Rusiya bu məsələyə xeyli dərəcədə yaxınlaşıblar. Kazan görüşündə əgər Azərbaycanın ərazi bütövlüyünə tam təminat verilsəydi, Laçın dəhlizi məsələsində Azərbaycanın mövqeyi dəstəklənsəydi, məsələ faktiki olaraq həll edilə bilərdi. Hesab edirəm ki, prinsipcə sentyabrdan yol xəritəsini hazırlamaq mümkün olsun. Fikrimcə, burada çox şey Rusiyanın fəal mövqeyindən və Ermənistanın məsələyə obyektiv qiymət verməsindən asılıdır. Hər halda günün sonuna məsələ ilə bağlı daha müfəssəl və konkret məlumat əldə edəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə